Şəhidlərin hər biri haqqında ayrıca dastan yazmaq olar - Deputat

Şəhidlərin hər biri haqqında ayrıca dastan yazmaq olar - Deputat Şəhidlik hər insana nəsib olmayan, bir insanın həyatdan çata biləcəyi ən uca məqamdır. Vətən Müharibəsində bu uca zirvəyə çatmaq arzusu ilə döyüşənlər çox idi, ancaq bir qisim insana nəsib oldu bu uca mərtəbəyə yetişmək. Qazilərlə görüş zamanı onların bu arzunu dilə gətirdiklərinin dəfələrlə şahidi olmuşam.
Şəhidlər fiziki olaraq bizim aramızda olmasalar da, onlar haqqında dediklərimizdən və etdiklərimizdən xəbərdardırlar. Qurani-Kərimdə Allah-Taala şəhidlər haqqında buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (əl-Bəqərə, 154).
Vətən Müharibəsində qəhrəman vətən övladları böyük şücaət və qəhrəmanlıq göstərərək, yeni tarix yazdılar, gənc nəsil üçün örnək oldular. Azərbaycan xalqının məğlub xalqdan qalib xalqa çevrilməsində müstəsna rol oynadılar. Xalqımızın birlik və həmrəyliyinin gücləndirilməsinə öz töhfələrini verdilər.
Onların bir çoxunun həyatı ilə yaxından tanışam. Hər biri ayrı-ayrılıqda bir qəhrəmanlıq nümunəsidir. Onların çoxu dəfələrlə yaralanmalarına baxmayaraq, son damla qanlarına qədər döyüşdülər, torpaqlarımızı 30 illik işğaldan azad edərək, Azərbaycan xalqına qələbə sevincini yaşatdılar. Bu qəhrəmanların hər biri haqqında ayrıca bir dastan yazmaq, kino çəkmək olar.
Şəhidlərin hər biri bizim üçün bir dəyərdir. Xalq olaraq bizim üzərimizə düşən onların xatirəsini hər zaman əziz və uca tutmaq, adlarına xələl gətirəcək, onlara əziyyət verəcək əməl və davranışlardan uzaq olmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ceyhun Məmmədov,
millət vəkili



Oxşar xəbərlər