Aldığım pullardan Səlim Müslümova heç nə verməmişəm - Əjdər Ol

Aldığım pullardan Səlim Müslümova heç nə verməmişəm - Əjdər Ol Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilərək həbs edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktında göstərilib ki, Əjdər Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini rüşvət qismində istəyərək alıb. Qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib. Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində alıb. Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini "kurasiya" edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.
Prokuror Əjdər Olun Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirli bilindiyini elan edib.
Daha sonra sabiq aparat rəhbəri qeyd olunan bütün ittihamları qəbul edib və göstərilən cinayət əməllərini törətdiyini etiraf edib: “Özümü təqsirli bilirəm. İstintaqa verdiyim ifadələri tam təsdiq edirəm. Pulları alıb nazirliyin müəyyən xərclərinə sərf etmişik. Başqa məqsədim olmaylb. Özü də həmin pullar uzun illər ərzində alınmış məbləğdir. Mən Səlim Müslümovla əlbir olmamışam. Aldığım pullardan ona heç nə verməmişəm. Əlavə sözüm yoxdur”.
Daha sonra şahidlər dindirilib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.
Şahid ifadələri zamanı məlum olub ki, Əjdər Ol müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şahidlərdən 2 min manatdan 120 min manata qədər pul alıb.
Şahid Rövşən Xəlilov ifadəsində bildirib ki, o, podratçı şirkətin direktoru işləyib.
Mingəçevirdə əlil və şəhid ailələrinə veriləcək evlərin alınması üçün vətəndaşlarla danışıq aparıb.
"Mənə vətəndaşlarla əlaqə qurub onlardan aşağı qiymətə evlərini almaq tapşırığı verilmişdi. Həmin evləri isə sonradan dövlət tərəfindən ayrılan vəsaitdən baha qiymətə satdıq. Məsələn, vətəndaşın birindən 35 min manat almışdıq, halbuki, nazirlikdən 52 min manat pul köçürülmüşdü", - deyə şahid bildirib.
Digər şahid Natiq Əzizov bildirib ki, sabiq nazir Səlim Müslümov ona ucuz qiymətə evlər almağı və təmir etməyi tapşırıb: "Bütün pulları isə Əjdər Cəbiyeva verirdim".
Dövlət ittihamçısının Əjdər Cəbiyev tərəfindən qanunsuz göstərişlər verməsi ilə bağlı suala şahid "heç vaxt belə bir şey olmayıb" - deyə cavab verib.
Prosesdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı filialında müdür müavini işləmiş Seyidrəsul Abbasov ifadə verib. Bildirib ki, onu işə Səlim Müslümov təyin edib, bir müddət işlədikdən sonra isə vəzifəsindən azad olunub.
Şahidin əvvəlki ifadəsi elan olunan zaman məlum olub ki, işə düzəlmək üçün 2 min manat pul verib.
S.Abbasov məhkəmədə həmin sözləri qorxduğu üçün yazdığını deyib: "İstintaq zamanı müstəntiqlərə ifadə verən zaman mənə dedilər ki, danışmasan, səni tutacağıq. Buna görə də yazılanlara qol çəkdim. 2 min manatı da özümdən yazdım".
Növbəti proses yanvarın 19-na təyin olunub.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Tehsil-press.az



Oxşar xəbərlər