“Professor Rövşən Mustafayev” adına medal və sertifikat Əməkdar jurnalistə təqdim edilib

“Professor Rövşən Mustafayev” adına medal və sertifikat Əməkdar jurnalistə təqdim edilib Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş medal və sertifikatın təqdimat mərasimi keçirilib.
Bu il medal və sertifikat XX yüzillikdən başlayaraq erməni terrorçularının Azərbaycanda törətdikləri kütləvi qırğın və soyqırımı aktları, xalqımızın azadlıq mübarizəsi, 20 Yanvar faciəsi, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Qarabağ həqiqətlərindən bəhs edən məqalələrinə, respublikamızın siyasi-iqtisadi, sosial-mədəni həyatını əks etdirən yazıları ilə transmilli mediada Azərbaycanı layiqli təmsil etdiyinə görə Əməkdar jurnalist Vasif Səmədova təqdim edilib.
Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə bildirib ki, Vasif Səmədov 20 Yanvar hadisələrinin başvermə səbəbinin arxasında dayanan əsl məqsədləri, Sovet rejimindən qorxmadan, çəkinmədən bədii emosional mühakimə və şərhlərlə mətbuat səhifələrində dayanmadan işıqlandıran bu faciə barədə geniş açıqlamalar verən jurnalistlərdən biri olub.
Professor Aytən Mustafazadə 20 Yanvar faciəsi haqqında danışarkən qeyd edib ki, 1990-cı il Yanvar faciəsinə aparan yol 1988-ci ildən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası ilə başlayıb. Sovet rəhbərliyi artan xətt üzrə davam edən bu gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Azərbaycanın paytaxtı Bakı şəhərinə və bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib”.
Professor Aytən Mustafazadə diqqətə çatdırıb ki, o müdhiş günlərdə qüdrətli siyasətçi Heydər Əliyev Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və konstitusiya hüququ şöbəsinin müdiri Nazim Cəfərli Əməkdar jurnalist Vasif Səmədovun həmin illərdə vətəndaş qeyrəti ilə qələmə aldığı yazılardan danışıb. Bildirib ki, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa böyük ehtiyac olan, çətin, mürəkkəb dövrdə Vasif Səmədov “Krasnaya zvezda” qəzetində yanvar hadisələrinin həqiqi mahiyyəti barədə kəskin yazılarla çıxış edib. 1992-ci ildə “İzvestiya” qəzetində dərc etdiyi “Müdaxilə” adlı silsilə yazıları yanvar hadisələri haqqında o zaman mətbuatda dərc edilən ən sanballı məqalə idi.
Əməkdar jurnalisti Vasif Səmədov “Professor Rövşən Mustafayev” adına təltifə görə Hüquq və İnsan Haqları İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. 20 Yanvar şəhidlərinin ruhunu ehtiramla anıb, o illərdəki fəaliyyətindən danışıb.
Xatırladaq ki, AMEA Hüquq və İnsan Haqları İnstitutu erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında fəal, səmərəli fəaliyyəti ilə seçilən alimləri, tədqiqatçıları İnstitutun və “Professor Rövşən Mustafayev” adına Fondun birgə təşkil etdiyi medal və sertifikatla təltif edir.

Tehsil-press.az


Oxşar xəbərlər