İnşaat mühəndisliyi ixtisası üzrə əlavə təhsil alanlara diplomlar verilib

İnşaat mühəndisliyi ixtisası üzrə əlavə təhsil alanlara diplomlar verilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaat mühəndisliyi ixtisası üzrə kadrların yenidən hazırlanması kursunda 1 illik proqram əsasında əlavə təhsil alan Maliyyə Nazirliyinin əməkdaşlarına bu gün diplomlar verilib. Diplomları universitetin rektoru professor Gülçöhrə Məmmədova təqdim edib.
Tədbirdə rektor qeyd edib ki, əlavə təhsil müasir şəraitdə hər bir vətəndaşın əmək bazarında yüksək rəqabətqabiliyyətliliyə malik ola bilməsi üçün fasiləsiz təhsil almaq imkanını təmin edir. Eyni zamanda, onun yeni peşələrə, ixtisaslara yiyələnməsi, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinə xidmət edir. G.Məmmədova gələcəkdə ehtiyac olarsa, belə kursların yaradılmasına hazır olduqlarını bildirib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 13 əməkdaşı AzMİU-da inşaat mühəndisliyi ixtisası üzrə 1 illik əlavə təhsil alıb. Kursu müvəffəqiyyətlə bitirən müdavimlər sonda buraxılış imtahanı veriblər.

Tehsil-press.az


Oxşar xəbərlər