Bakı Şəhəri üzrə Təhsil İdarəsində mətbuat nümayəndələri ilə görüş təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində mətbuat nümayəndələri ilə görüş təşkil olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) mətbuat nümayəndələri ilə görüş keçirilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva pedaqoji mətbuatı pedaqoji fikir tariximizin və Azərbaycan məktəbinin inkişaf mərhələlərinin canlı salnaməsi kimi dəyərləndirib. O, Azərbaycanda dünyəvi məktəbin inkişafı istiqamətində bir sıra hallarda pedaqoji mətbuatın yolgöstərən olduğunu diqqətə çatdırıb.
Azərbaycan müəllimlərinin, təhsil ictimaiyyətinin elmi-pedaqoji yenilikləri daha çox bu qəzet və jurnalların səhifələrindən izlədiklərini deyən idarə müdiri görkəmli alimlərin, müəllimlərin bir çoxunun məhz bu mətbu orqanlarında yaradıcılıq yolu keçərək püxtələşdiyini söyləyib.
Mehriban Vəliyeva, eyni zamanda, BŞTİ tərəfindən pedaqoji mətbuatla bir sıra layihələrin həyata keçirilməsinə dair təkliflərlə də çıxış edib. O, uşaqların hərtərəfli inkişafına nail olmaq məqsədilə STEAM, peşə təmayüllü siniflər, qrant layihələr və digər yeniliklərin davamlı olaraq pedaqoji mətbuatda işıqlandırılmasını məqsədəuyğun hesab edib.
Daha sonra çıxış edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Sehran Səfərov, “Kurikulum” jurnalının baş redaktor əvəzi Sahib Mənsimov, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da pedaqoji mətbuatın əməkdaşlığa hazır olduğunu nəzərə çatdırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər