Memarlıq və İnşaat Universitetində “Xocalı tələbələrin gözü ilə” adlı sərgi təşkil olunub

Memarlıq və İnşaat Universitetində “Xocalı tələbələrin gözü ilə” adlı sərgi təşkil olunub Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Xocalı tələbələrin gözü ilə” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri olan Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan sərginin açılış mərasimində fakültə dekanları, ictimai təşkilatların nümayəndələri, tələbələr iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, əliyalın insanlarımızı qətlə yetirdiyini xatırladıb. O, Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri kimi qiymətləndirib.
AzMİU-nun rektorunun müşaviri İlham Mərdanov xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı soyqırımı zamanı ermənilərin kütləvi terror aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın azərbaycanlı olduqları üçün ağlasığmaz vəhşilik və qəddarlıqla qətlə yetirildiyini, 487 mülki şəxsin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü bildirib. “Xocalı soyqırımını törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq istəyirdilər. Amma xalqımız mənfur qonşularından qorxmadı, geri çəkilmədi, 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi. Qəhrəman oğullarımız Xocalı qurbanlarının qisasını aldı. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq”.
Münsiflər heyəti tərəfindən işləri 1-ci yerə layiq görülən tələbələr diplomlarla təltif olunublar. Sərginin təşkilində göstərdikləri köməyə görə Memarlıq fakültəsinin tələbələri Heydər Əliyev və Aygül Hacıyevaya da diplomlar təqdim edilib.
Sərgidə ümumilikdə 53 iş nümayiş etdirilib. Tələbələrin hazırladıqları işlərdə o gecənin dəhşətli anları, məqamları əks olunub.

Tehsil-press.az

Oxşar xəbərlər