BDU-da elmi seminar: Müasir kliniki genetik test platformaları və sekvensiya texnologiyaları

BDU-da elmi seminar: Müasir kliniki genetik test platformaları və sekvensiya texnologiyaları Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Müasir kliniki genetik test platformaları və sekvensiya texnologiyaları” mövzusunda elmi seminar keçirilib.
Biofizika və Biokimya kafedrasının müəllimi Nigar Hüseynova məruzə ilə çıxış edərək müasir kliniki genetik testlər, yeni nəsil sekvensiya texnologiyası və onların irsi xəstəliklərin diaqnostikası, irsi xəstəliklərə meyllilik və presimptomatik skrininqlər, ailə planlaması zamanı aparılan skrininq testlər, hədəfli gen terapiyası kimi sahələrə tətbiq edilməsi barədə danışıb. Tədqiqat zamanı ənənəvi sitogenetik üsullar, in-situ flüoressent hibridləşmə (FİSH), xromosomal və genotipik mikroçip, sekvensiya texnologiyaları informativlik və effektivlik baxımından müqayisəli şəkildə xarakterizə edilib.
Məruzəçi biologiya elmləri sahəsində inqilaba səbəb olan yeni nəsil sekvensiya və ya paralel massiv sekvensiya texnologiyalarının tətbiq sahələrinə də diqqət çəkib. N.Hüseynova bildirib ki, geniş analiz diapazonuna malik yeni nəsil sekvensiya xərçəng xəstəliyinin müxtəlif növlərinin analizində biomarkerlərin öyrənilməsi üçün əvəzsizdir. Bu texnologiya vasitəsilə xərçəngin müxtəlif növləri arasında çox incə və bu günə qədər aşkar edilməsi mümkünsüz olan fərqləri müəyyən etmək imkanı realdır. Onkogenlərin spesifikliyi haqqında əldə edilən məlumatlar son zamanlar gündəmdə olan hədəfli onkologiyanın inkişafına güclü təkan verib.
Sonra məruzəçi sualları cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər