Azərbaycan universitetləri Malayziyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir

Azərbaycan universitetləri Malayziyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir Azərbaycan universitetləri ilə Malayziyanın qabaqcıl ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətləri genişlənir. Belə ki, son bir neçə həftə ərzində ölkəmizin bir sıra ali təhsil ocaqları Malayziyadan olan təhsil müəssisələri ilə videokonfrans formatında müxtəlif görüşlər keçirib, ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində ilkin addımlar atıblar.
Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşlərdən biri bu il martın 17-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Malayziyanın Putra Malayziya Universiteti (UPM) arasında keçirilib. Görüş kənd təsərrüfatı sahəsində azərbaycanlı mütəxəssislərin hazırlanması, yay məktəblərində iştirak, birgə elmi-tədqiqat işlərinin aparılması və qarşılıqlı elmi-praktiki səfərlərin həyata keçirilməsi imkanlarının müzakirəsi məqsədilə təşkil olunub. Görüşdə ADAU nümayəndə heyətinə bu ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov, Malaziyanın Putra Universitetindən iştirakçılara isə universitetin tədqiqat, innovasiyalar, beynəlxalq əlaqələr və tədris işləri üzrə prorektoru Nazamid Bin Saari rəhbərlik edib.
Növbəti görüş aprelin 6-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Malayziyanın Perak ştatında fəaliyyət göstərən “Sultan Azlan Şah" Universitetinin nümayəndələri arasında keçirilib. Görüş zamanı bu iki ali təhsil müəssisəsi arasında qarşılıqlı təcrübə, o cümlədən müəllim-tələbə mübadiləsi imkanları müzakirə edilib, əməkdaşlığa dair anlaşma memorandumu üzərində işin aparılması istiqamətində ilkin razılıq əldə olunub. Hər iki ali təhsil müəssisəsindən rəhbər vəzifəli şəxslərlə yanaşı, spesifik sahələr üzrə tədqiqatçı alimlərin də cəlb olunduğu görüşdə UNEC nümayəndə heyətinə bu təhsil ocağının prorektoru Neman Muradlı, “Sultan Azlan Şah” Universitetinin nümayəndə heyətinə isə tədris və tələbə işləri üzrə prorektor Səbri Yusif başçılıq edib.
Aprelin 7-də isə təkcə Malayziyada deyil, həm də geniş Cənub-Şərqi Asiya məkanında kifayət qədər nüfuzlu Petronas Texnologiya Universiteti (PTU) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri arasında görüş keçirilib. Hər iki ali təhsil müəssisəsindən geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə baş tutan görüşdə tərəfləri maraqlandıran birgə əməkdaşlıq məsələləri, o cümlədən təcrübə və tələbə mübadiləsi, elmi tədqiqatçıların qısa və uzundövrlü qarşılıqlı ezamiyyələrinin təşkili, müştərək elmi layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qarşıdakı həftələrdə Azərbaycana səfəri nəzərdə tutulan PTU nümayəndə heyətinin səfər gündəliyinin səmərəli təşkili məqsədilə ilkin fikir mübadiləsi aparılıb. Görüş zamanı ADNSU əməkdaşlarına universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, PTU nümayəndə heyətinə isə bu ali təhsil müəssisəsinin vitse-kansleri Mohamed Mutalib başçılıq ediblər.
Azərbaycan və Malayziyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə fəaliyyət iki ölkənin dövlət və hökumət başçıları tərəfindən müəyyən edilmiş qarşılıqlı etimad və dostluğa söykənən siyasi münasibətlərin yüksək səviyyəsinə əsaslanır. Ölkələrimiz arasında digər sahələrlə yanaşı, humanitar və təhsil üzrə də qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına böyük diqqət yetirilir. Azərbaycanın Malayziyadakı səfirliyi bu ölkənin bir çox aparıcı ali təhsil müəssisəsi ilə səmərəli əlaqələr qurmağa nail olub və bu prosesə Azərbaycan universitetlərinin fəal şəkildə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan səfirliyinin təşəbbüsü ilə Malayziyanın Malaya Universiteti, Milli Müdafiə Universiteti (UPNM), MARA Texnologiya Universiteti (UiTM), Malayziya İslamın İdrakı İnstitutu (IKIM) kimi ali təhsil müəssisələri ilə Azərbaycandakı elm-təhsil qurumları arasında ilkin tanışlıq görüşləri keçirilib, işçi təmasların təsis edilməsinə nail olunub.

Tehsil-press.az


Oxşar xəbərlər