İlahiyyat İnstitutunun rektoru BDU-da ustad dərsi keçib

İlahiyyat İnstitutunun rektoru BDU-da ustad dərsi keçib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “İslam mədəniyyətində kitabxanalar” mövzusunda ustad dərsi keçirilib.
Professor və müəllimlərin, magistrantların, doktorantların iştirak etdikləri tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov mövzu ilə bağlı məruzə edib.
A.Şirinov tarixi xronologiya əsasında İslam dünyasında meydana gələn və formalaşan kitabxanaların fəaliyyətindən danışıb. Bildirilib ki, İslam coğrafiyasında yaşanan tərəqqi və intibahda kitabxanalar müstəsna rol oynayıb. İslam mədəniyyətində ilk kitabxanalar Əməvilər dövründə məscidlərdə yaradılıb. Həmin dövrdə məscid, şəxsi və saray kitabxanaları olub. Əməvilər dövründə alimlərin və tələbələrin daha çox istifadə etdiyi ilk böyük kitabxana Dəməşqdə qurulan “Beytülhikmə” (hikmət evi) olub. Abbasilər dövründə kitabxana işi xüsusilə inkişaf edib. Müvafiq sahədə Xəlifə Mənsurun və Harun ər-Rəşidin böyük xidmətləri olub.
Məruzədə, həmçinin Səlcuqilər dövründə vəzir Nizamülmülkün qurduğu “Nizamiyyə” mədrəsələrinin nəzdindəki kitabxanalar, Osmanlılar dövründə qurulan və nadir əlyazmaların qorunub saxlanıldığı Fateh və Süleymaniyyə kitabxanaları haqqında məlumatlar yer alıb.
Aqil Şirinov orta əsrlərdə Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafından bəhs edib, Həmədan şəhərindəki “Toğruliyyə” mədrəsəsinin kitabxanası, Marağada Nəsirəddin Tusinin yaratdığı 400 min kitab fonduna malik Rəsədxana kitabxanası, Cahanşah kitabxanası, “Müzəffəriyyə” və “Bəyim” mədrəsələrinin kitabxanaları, Uzun Həsən kitabxanası, Sultan Xəlil kitabxanası, Sultan Yaqub kitabxanası, Şah İsmayılın tikdirdiyi Şeyx Səfi məqbərəsinin kitabxanası, Təbrizdəki məşhur saray kitabxanası və digər kitabxanalar barədə tarixi faktları diqqətə çatdırıb.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər