BDU-da elmi seminar: Üç qardaşın sərvəti

BDU-da elmi seminar: Üç qardaşın sərvəti Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə Azərbaycan, Türkiyə və Pakistan milli kitabxanalarının fəaliyyətinə həsr olunmuş “Üç qardaşın sərvəti” adlı elmi seminar keçirilib.
Seminarda BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru professor Mais Süleymanov Azərbaycan, Türkiyə və Pakistan dövlətlərinin tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətləri barədə ətraflı məlumat verib. O, tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistan dövlətlərinin ölkəmizə göstərdikləri mənəvi-siyasi dəstəyin böyük əhəmiyyət daşıdığını qeyd edib.
M.Süleymanov seminar mövzusunun aktuallığını vurğulayaraq bildirib ki, üç dost və qardaş dövlətin kitab sərvətindən bəhs edən məruzələri bu dostluğa daha bir töhfə hesab etmək olar.
Tədbirdə Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun Azərbaycan Milli Kitabxanası, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kaziminin Türkiyə Milli Kitabxanası, Kitabxanaşünaslıq kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədovun Pakistan Milli Kitabxanası haqqında məruzələri dinlənilib.
Məruzələrdə üç dövlətin milli kitabxanalarının yaranma tarixi, formalaşma dövrü və müasir vəziyyəti müqayisəli təhlil edilib. Həmçinin kitab fondu, oxuculara xidmət üsulları, həyata keçirilən rəqəmsallaşdırma prosesləri, kitabxanalararası əməkdaşlıq barədə dolğun informasiyalar diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər