Çin rəsmisi: Çin-ABŞ münasibətləri kritik yolayrıcındadır

Çin rəsmisi: Çin-ABŞ münasibətləri kritik yolayrıcındadır “Çin-ABŞ münasibətləri kritik yolayrıcındadır. Qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təkcə çinlilərin və amerikalıların əsas maraqlarına deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin ortaq gözləntisinə də uyğun olduğundan Çin və Amerika Birləşmiş Ştatlar üçün bir-biri ilə münasibətlərdə düzgün yanaşmadır. Bu prinsiplər Çin-ABŞ münasibətlərinin inkişafı üçün əsas qayda olmalıdır”.
Bu fikri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Mərkəzi Komitənin Xarici əlaqələr ofisinin rəhbəri Yan Cieçi ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə Lüksemburqda keçirdiyi görüşdə deyib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin çinli həmkarı Si Cinpin ilə danışıqlarda Vaşinqtonun Pekin ilə “Soyuq müharibə”yə, Çinin sistemini dəyişməyə, “Tayvanın müstəqilliyi”ni dəstəkləməyə və Çin ilə münaqişəyə can atmadığı barədəki fikirlərini xatırladan Çin rəsmisi bildirib ki, bununla belə ABŞ tərəfinin Çinin inkişafının qarşısının alınması və ona zərər yetirilməsi istiqamətində fəaliyyəti müşahidə olunur. Belə hərəkətlər ABŞ-ın öz problemlərini həll etməsinə kömək etmək əvəzinə, Çin-ABŞ münasibətlərini çox mürəkkəb vəziyyətə salıb və iki ölkə arasında mübadilə və əməkdaşlığa ciddi ziyan vurub.
Yan Cieçi Pekinin Çin-ABŞ münasibətlərinin qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzrə irəli aparılması üçün Vaşinqtonla işləməyə hazır olduğunu bəyan edib. O, ABŞ tərəfinin Çinə dair strateji yanaşmasına düzəliş və düzgün seçim etməli, dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları reallaşdırmalı olduğunu vurğulayıb. Çinin öz milli suverenliyinin və ərazi bütövlüyünün qorunmasında birmənalı və qəti mövqe tutduğunu qeyd edən Yan Cieçi, Çin tərəfinin ölkənin daxili işlərinə müdaxiləyə dözümsüz olduğunu, Çinin milli birliyinə mane olmaq və ya pozmaq cəhdlərinin isə iflasa məhkum olacağını deyib. O, ABŞ-ın Tayvan, Honkonq, Sincan, Tibet və Cənubi Çin dənizi, Çində insan hüquqları və dini vəziyyət məsələlərinə yanaşmasına görə ölkəsinin etirazını bildirib.
Tərəflər iki ölkə arasında münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, bundan başqa, Ukrayna, Koreya yarımadasında nüvə silahı mövzusu da daxil olmaqla beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıb, təmasların davamına dair razılıq əldə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər