Akademik: Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, inkişafının təməlini qoydu

Akademik: Ulu Öndər öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, inkişafının təməlini qoydu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbiri keçirilib.
Tədbirdən əvvəl AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova gənclərlə görüşüb, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətindən bəhs edib. Bu gün gənclərin ölkənin elmi, ictimai və digər sahələrində aparıcı qüvvə olduğunu vurğulayan akademik qeyd edib ki, AMEA-nın bir çox gənci xarici ölkələrin nüfuzlu universitetlərində, elm mərkəzlərində öz təhsil və elmi işlərini uğurla davam etdirir. Azərbaycan elmi sürətlə inkişaf edir, bu sahədə ciddi islahatlar aparılır, qabaqcıl texnologiyalar tətbiq olunur. Müasir dövrdə Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir.
Sonda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərin yaradıcı fəaliyyətinin stimullaşdırılması istiqamətində öz məsləhətlərini bölüşüb, gənclərə elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə akademik İradə Hüseynova Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu günün əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ölkədə özbaşınalığın hökm sürdüyü, orduda vəziyyətin acınacaqlı olduğu bir zamanda, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət, xalqımızın yeganə ümid yeri Heydər Əliyev olub. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Əminliklə demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər bir sahəsində gənclər xüsusi şövq və sevgi ilə dövləti yüksək səviyyədə təmsil etməyin məsuliyyətini dərk edirlər.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova, Veteranlar Şurasının sədri İbrahim Əzizov isə bu tarixi hadisənin xalqımızın həyatında mühüm dönüş nöqtəsi olduğunu, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sosial-iqtisadi və siyasi inkişafın baş verdiyini vurğulayıblar.
Tədbirdə gənc alimlərin “Dövlətçilik tariximizin qızıl səhifəsi - Milli Qurtuluş Günü”, “Azərbaycan dövlətində uğurlu qadın siyasətinin həyata keçirilməsində Heydər Əliyevin rolu”, “Müstəqilliyin qurucusu, xalqının xilaskarı”, “Qurtuluşdan zəfərə gedən yol”, “Milli Qurtuluşdan müstəqil enerji siyasətinə doğru” və “Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi” mövzularda məruzələri dinlənilib. Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər