Məktəblilərarası fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb

Məktəblilərarası fənn müsabiqələrinin qalibləri mükafatlandırılıb Təhsil İnstitutunun təşkilatçılığı ilə Respublika fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan şanlı Qələbədən və işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük quruculuq işlərindən söz açıb. Bildirilib ki, bu gün Qarabağda müasir infrastruktur qurulur, yeni təhsil müəssisələri tikilir, təmir və bərpa edilir. Qarabağda, Şuşada beynəlxalq, mötəbər tədbirlər keçirilir.
Nazir müavini ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərimizin əldə etdikləri uğurların ölkənin gələcək inkişafında olan rolundan danışıb. Olimpiada və bilik yarışmalarının, fənn müsabiqələrinin şagirdlərin gələcək həyatlarında uğur qazanmasında əhəmiyyətini qeyd edib. Firudin Qurbanov şagirdləri təbrik edərək onlara növbəti müsabiqələrdə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev Respublika fənn müsabiqələrinin keçirilməsinin məqsədi və nəticələri barədə məlumat verib. Bildirilib ki, 2015-ci ildən keçirilən fənn müsabiqələrinin məqsədi istedadlı uşaqların aşkar olunması, onların potensialının inkişaf etdirilməsi, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyiciləri cəlb etməkdir. Vurğulanıb ki, 2021-2022-ci tədris ilində VII Məktəblilərarası fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. Müsabiqə iki mərhələdən ibarət olub. Müsabiqənin rayon (şəhər) mərhələsində ölkənin bütün regionlarından təxminən 22 min, final mərhələsində isə 4 min şagird iştirak edib. Onlardan 225-i qalib olub. Fənn müsabiqələri məktəblilərin beynəlxalq olimpiadalara hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Respublika fənn müsabiqələri qaliblərinə uğurlar arzulayıb. O, şagirdlərin gələcək karyeralarında müvəffəqiyyət qazanmaları üçün olimpiadalarda iştirakın vacibliyini vurğulayıb.
Tədbirdə müsabiqə haqqında hazırlanan videoçarx və müxtəlif musiqi nömrələri təqdim olunub. Müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Respublika fənn müsabiqələrinin qalibləri gələn tədris ilindən etibarən müvafiq fənlər üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər