Azərbaycan Dillər Universitetində Çin tarixi haqqında vebinar keçirilib

Azərbaycan Dillər Universitetində Çin tarixi haqqında vebinar keçirilib “Çin: cəmiyyət və mədəniyyət” yay onlayn mühazirəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “İkinci Dünya müharibəsində Çinin rolu” mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirə Çin xalqının milli-azadlıq mübarizəsinə və faşizmə qarşı müharibədə Qələbənin 77-ci ildönümünə həsr olunub.
Rafiq Abbasov XX əsrin birinci yarısında Çində hərbi-siyasi vəziyyətdən, Çin Kommunist Partiyasının (ÇKP) vahid müstəqil Çin uğrunda mübarizəsindən, 1937-1945-ci illərdə yapon işğalçılarına qarşı Çin xalqının milli-azadlıq müharibəsinin əsas mərhələlərindən danışıb. O, ÇKP-nin irəli sürdüyü uzunmüddətli müharibə strateji kursunun, xalq müharibəsi taktikasının və “Müqavimət müharibəsi və Vətənin xilası haqqında on tezis”in əhəmiyyətini qeyd edərək, bütün müharibədə ÇKP silahlı qüvvələrinin yapon təcavüzkarlarına qarşı ən böyük hərbi əməliyyatı “100 alayın döyüşü” haqqında danışıb.
Konfutsi İnstitutunun direktoru, həmçinin Çinin antifaşist müharibəsinə başlayan ilk ölkə olduğunu qeyd edərək, Yaponiyaya qarşı müharibənin başlanğıcı və İkinci Dünya müharibəsinin proloqu kimi Çinin şimal-şərqində baş verən “18 sentyabr hadisəsi” və Lugouqiao körpüsündə baş vermiş “7 iyul hadisəsi”ndən danışıb.
Diqqətə çatdırılıb ki, Sakit okean əməliyyat teatrında düşmən qüvvələrini sıxışdırmaqla, müttəfiqlərin strateji əməliyyatlarına dəstək verməklə Çin İkinci Dünya müharibəsində yekun qələbəyə mühüm töhfə verib.
R.Abbasov vurğulayıb ki, SSRİ-nin müharibəyə qoşulmasından sonra Uzaq Şərqdə döyüş əməliyyatlarında, Kvantunq ordusunun məğlubiyyətində və Çinin şimal-şərqinin azad edilməsində iştirak edən Azərbaycan əsgərləri qələbənin qazanılmasında öz töhfələrini veriblər və “Yaponiya üzərində qələbəyə görə” medalı ilə təltif ediliblər.
Mühazirədə Azərbaycanın Xalq şairi Rəsul Rzanın Çindəki milli-azadlıq hərəkatı haqqında “Çapey” və “Si Au” şeirlərini və Çin yazıçısı Şan Xuanın Azərbaycan dilində nəşr olunan “Xoruz lələkli məktub” hekayələr toplusundan parçalar səsləndirilib. Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub. Mühazirədə, həmçinin o dövr hadisələrini əks etdirən “Tayxanşan dağlarında” bədii filmi və sənədli fotoxronika nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər