UNEC-in ilk qrant müsabiqəsinin qalib layihələrinin təqdimatı keçirilib

UNEC-in ilk qrant müsabiqəsinin qalib layihələrinin təqdimatı keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali təhsil müəssisəsinin büdcəsi hesabına keçirilən ilk qrant müsabiqəsində qalib layihələrin təqdimatı olub. Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılmasına alimlərin töhfəsini stimullaşdırmaq məqsədilə keçirilib.
Rektor Ədalət Muradov UNEC-in tədqiqat universitetinə çevrilməsinin strateji hədəflərdən biri olduğunu diqqətə çatdırıb. O, qrant müsabiqəsinin pilot layihə olaraq, universitet büdcəsi hesabına keçirildiyini və müsabiqə mövzularının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq müəyyən edildiyini bildirib. Rektor layihələrin qiymətləndirilməsində şəffaflıq və obyektivliyi təmin etmək məqsədilə qiymətləndirmə komissiyasının üzvlərinin ölkənin tanınmış iqtisadçıları arasından seçildiyini vurğulayıb. Müsabiqədə 7 layihənin qalib olduğunu deyən rektor, gələcəkdə xarici qrantlara da müraciət ediləcəyini bildirib.
“PAŞA Holdinq”in Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Elman Eminov qrant layihələrinin qiymətləndirilməsinin meyarlarını açıqlayıb. O, qiymətləndirmə prosesində şəffaflıq və obyektivlik prinsipinin əsas götürüldüyünü deyib. Holdinq rəsmisi mövzuların aktuallığına diqqət çəkərək, qalib layihələrin ölkəmiz üçün faydalı olacağından əminliyini ifadə edib.
Sonra UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə layihələrin müəllifləri təqdimatla çıxış ediblər. Qalib layihələr “Universitet-dövlət-sənaye əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?”, “Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tətbiqi”, “İşğaldan azad edilmiş ərazilərdə regionun innovativ inkişafını dəstəkləyəcək müasir universitet modelinin - Qarabağ universitetinin yaradılması”, “Qlobal datalar əsasında Azərbaycanın sosial-iqtisadi inkişafına ölkənin imici və reputasiyasının təsirinin tədqiqi və qiymətləndirilməsi”, “Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat infrastrukturuna investisiyanın iqtisadi təsirləri”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması” mövzularında olub.

Tehsil-press.az


Oxşar xəbərlər