ADNSU əməkdaşları beynəlxalq layihə çərçivəsində Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində olublar

ADNSU əməkdaşları beynəlxalq layihə çərçivəsində Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində olublar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi beynəlxalq “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində tərəfdaş təhsil müəssisələri ilə görüşlər keçirilib.
Tədbirdə Azərbaycan, Avstriya, İspaniya, Fransa və digər ölkələrin tərəfdaş universitetlərindən olan nümayəndələrlə birgə ADNSU rektorunun İnformasiya Texnologiyaları və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev, Beynəlxalq əlaqələr üzrə prorektor müavini dosent Ülviyyə Abbasova, Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Leyla Nağıyeva, İqtisadiyyat və menecment fakültəsinin magistratura tələbəsi Rolan Yusifov iştirak ediblər.
Görüşlərdə “UniLab” layihəsi çərçivəsində görülən işlər, qarşıda duran məsələlər müzakirə olunub, tərəfdaş universitetlərin şirkətlərdə təcrübə imkanları və karyera mərkəzləri haqqında fərdi təcrübələrindən danışılıb.
Eyni zamanda, Avstriyanın Krems Universiteti tərəfindən yaradılan “UniLab” portalının müzakirəsi aparılıb. Portalın iş prinsipi, əhəmiyyəti və istifadə imkanları iştirakçılara izah olunub. ADNSU-nun layihə çərçivəsində gördüyü işlər və universitetin Karyera Mərkəzində tələbələr üçün yaradılan imkanlar haqqında təqdimat nümayiş edilib.
Görüş çərçivəsində iştirakçılar Krems Tətbiqi Elmlər Universitetinin laboratoriya və auditoriyaları ilə tanış olublar.
ADNSU Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab” çərçivəsində “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə 2020-ci il yanvarın 1-dən etibarən qoşulub.

Tehsil-press.az


Oxşar xəbərlər