ADNSU ilə Alkala Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

ADNSU ilə Alkala Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Leyla Nağıyeva İspaniyanın Alkala Universitetində Erasmus+ KA107 layihəsi çərçivəsində təşkil olunmuş Beynəlxalq İşçi Heyəti Həftəsində iştirak ediblər.
Gürcüstan, ABŞ, Kanada, İsrail və digər ölkələrin universitet nümayəndələrinin də qatıldıqları tədbirdə Erasmus+ KA107 layihələri çərçivəsində postpandemiya dövründə tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, ADNSU-nun nümayəndələri universitetin təhsil və elm sahəsində həyata keçirilən Erasmus+ KA2 ali təhsil müəssisələrinin potensialının artırılmasına yönəlmiş layihələr, ADNSU rəhbərliyi tərəfindən aparılmış müasir tələblərə cavab verən islahatlar və yeniliklər haqqında geniş təqdimat ediblər.
ADNSU nümayəndələri Alkala Universitetinin Beynəlxalq əməkdaşlıq ofisinin direktoru ilə görüşüb və onların iş prinsipləri ilə tanış olublar. Universitetin Kimya fakültəsinin professorları ilə görüşdə iki ali məktəb arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Tədbir zamanı Kanadanın Nyu-Brunsvik Universitetinin beynəlxalq proqramlar üzrə məsləhətçisi və ABŞ-ın Corciya Dövlət Universitetinin proqram koordinatoru gələcəkdə ADNSU Kanada və ABŞ-ın tələbə-müəllim heyəti üçün bir neçə layihə həyata keçirilməsi haqqında təkliflər irəli sürüblər.
Alkala Universitetinin Beynəlxalq əməkdaşlıq ofisinin nümayəndələri ADNSU ilə Erasmus+KA107 proqramı çərçivəsində layihənin uzadılması haqqında məlumat veriblər.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər