UNEC-də Psixoloji xidmət mərkəzi yaradılıb

UNEC-də Psixoloji xidmət mərkəzi yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsilalanların akademik nailiyyətlərinin artırılması, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, əməkdaş və tələbələrin mənəvi-psixoloji sağlamlığının dəstəklənməsi məqsədilə Psixoloji xidmət mərkəzi fəaliyyət göstərəcək.
Əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, yarana biləcək emosional və psixi böhranların, imtahanqabağı stresin qarşısının alınması da mərkəzin əsas fəaliyyət istiqamətlərini təşkil edəcək. Eyni zamanda, mərkəzdə psixoloji müayinə çərçivəsində təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, potensial imkanlarının, meyil və maraqlarının öyrənilməsi, sosiallaşmada yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üzrə sistemli tədbirlər həyata keçiriləcək. Universitetdə sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, tədris-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində pedaqoji heyətlə birlikdə müvafiq işlər aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər