Kimin halvası çalınır? - Bakıya üç ziyarət və bir zəng...

Kimin halvası çalınır? - Bakıya üç ziyarət və bir zəng... Dünya yay kimi gərilir. Nüvə təhdidləri planeti elə gərir ki, sanki öz oxundançıxma ərəfəsindədir. Ümumi qlobal gərginlik fonunda regionlar ayrıca qaynayır. Geosiyasi mənzərə tündləşir və qarmaqarışıqlaşır - təhlil və təxmin bir yana, konyunkturanı konstatasiya etmək belə çətinləşir. Nüvə ritorikası ilə korlanan geosiyasi atmosferdən pis qoxular yayılır, yaxın prespektivə aid adi proqnoz belə konspiroloji və ya fəlakət ssenarisini xatırladır...
Ukrayna-Rusiya müharibəsinin dramatik inkişafı, İrandakı gərginlik və Azərbaycan-Ermənistan sərhədindəki son eskalasiyadan sonra bərpa edilən danışıqların sonu görünməyən tunelə girməsi fonunda bazar ertəsi və çərşənbə axşamı günləri Bakıya üç mühüm səfər gerşəkləşdi və bir zəng oldu. Əvvəlcə İsrailin müdafiə naziri Benni Qantz başçılıq etdiyi direktoratın - nazirliyin baş direktoru Amir Eşel, siyasi direktoru Dror Şalom və hərbi katibi Yaki Dolfun müşayiəti ilə Bakıya gəldi. Bunlar İsrail hərbi-siyasi rəhbərliyinin “ağır top”larıdır: general-mayor Amir Eşel İsrail Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, Dror Şalom və Yaki Dolf TSAHAL-ın (İsrail Müdafiə Ordusu) briqada generallarıdır.
İsrail və Azərbaycan arasındakı isti münasibətlər kimsəyə sirr deyil. Yeri gəlmişkən, hələ sovet dönəmindən yəhudilərin repatraiyası ilə məşğul olan “Soxnut” (Yəhudi agentliyi) Moskvada bağlandıqdan sonra postsovet məkanı ilə bağlı iki ofis açıb: Birini Helsinkidə, digərini Bakıda.
Qants elə heyətlə gəlmişdi ki, bu səviyyədə hərbi-texniki əməkdaşlıq deyil, hərbi-siyasi məsələlər müzakirə olunur.
Bir gün sonra Bakıya gələn Türkiyənin milli müdafiə naziri Hülusu Akar isə Ankaradan ən böyük paşaları özü ilə gətirmişdi: Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Ercüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı Atilla Gilan. Həmin gün Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səud da Bakıda ziyarətdə idi.
Zəng isə Bakıya İrandan gəldi. İsrail generallarının Bakıda olduğu gün azərbaycanlı həmkarına - general-polkovnik Zakir Həsənova zəngi İranın müdafiə naziri Əmir Hatəmi deyil, Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri etdi. General-leytenant Baqeri İran hərbi iyerarxiyasında məqam və rütbəcə general Hatəmidən yuxarıda durur. Maraqlıdır, İranda son illərdə vur-tut bir general-polkovnik vardı - “Əl-Qüds”ün komandanı Qasim Süleymani, onu da amerikanlar öldürdülər...
Bu səfərlər qəfil olsa da, çətin ki, təsadüfi olsun, aydındır ki, regiondakı situasiya və tendensiyalardan qaynaqlanır. Ola bilsin ki, bu səfərlərin hədəfləri fərqlidir. Lakin hər üç səfəri maraqların kəsişməsi fonunda İran keysində dəyərləndirmək olar.
Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və İran regionun dörd ən iri güc mərkəzidir, eyni zamanda sərt rəqabət və çəkişmə içindədirlər, baxmayaraq ki, bəzən aralarında taktiki yaxınlaşmalar olur.
İran İsraillə barışmaz düşməndir, Səudiyyə Krallığı ilə də qeyri-dost ölkədir. Tehran və Ankara müxtəlif platformalarda bir araya gəlsələr də, maraqlarının toqquşmadığı az coğrafiya var. İranın əcaib siyasi-diplomatik-hərbi ritorikası, “şiə və tarixi İran torpağı ekspansiyasi” və Ermənistana açıq-gizli dəstəyi, eyni zamanda Azərbaycanın İsraillə yaxınlığı və Türkiyə ilə sıx strateji müttəfiqliyi Tehran-Bakı münasibətlərini gərginlik civarında saxlayır. İranın isterik hərbi-siyasi elitasında Azərbaycan fobiyası var - bu, Arazın güney və quzeyinə İslam Respublikası üçün “ekzistensual təhdid” kimi baxmalarından rişələnir. Odur ki, molla rejimi Azərbaycana yanaşmasında “qara məni basınca, qoy qaranı mən basım” refleksi ilə hərəkət edir.
İslam Respublikası daxildə, regionda və qlobal miqyasda çıxmaza yuvarlanır, idarəetmə və ideoloji baxımdan da tükənir, milli üsyanlar dərinləşdikcə ümmət tezisi işə keçməyəcək. Ayətullahların rejimi həmişə aqressiv olub, son kütləvi etirazlar fonunda isə ifrat toksikləşir. Radikal molla rejiminin 40 illik təcrübəsi göstərir ki, kritik situasiyalarda ətraf ölkələr üçün risklər yarada bilir. Suruya, İraq, Livan və Yəmən İran proksilərinin əsirinə çevrilib. Bizim Qarabağ işğal altında olanda Tehran özünü daha rahat hiss edirdi və özləri də bunu etiraf etməkdən çəkinmirlər. Qonşularla münasibətlər bumeranq kimidir – hər yanaşma və həmləyə adekvat reaksiya verilir. Məsələn, İran “sionist rejimi” Yer üzündən silmək istəyirsə, İsrailin istəyi molla rejiminin sonunu görməkdir. Tehran-Ər-Riyad münasibətləri isə belə “bumeranq”ın dini baxımdan tipik nümunəsidir.
Hamı Ukrayna savaşının sonunu gözləyir. Rusiya Ukraynada məğlub olarsa, İran ABŞ-la dil tapmazsa, Pekinin Tehranın arxasında durması çətinləşəcək. Belə bir situasiyada regional rəqiblərində molla rejiminin halvasını çalmaq istəyi baş qaldıracaq. Ayətullahlar isə əl-ayaqlarını uzadıb təslim olmayacaqlar, radikal çarələrə, qabaqlayıcı tədbirlərə baş vuracaqlar. Hər iki hal və İran coğrafiyasında nələrinsə baş verməsi deməkdir ki, bu da cənub sərhədlərimizdə geosiyasi hərarəti xeyli qaldıra bilər...
Yeri gəlmişkən, bu günlərdə Robert Köçəryan Ermənistanın təhlükəsizlik sistemi üçün Ermənistan-Rusiya-İran üçtərəfli formatını yaratmağını təklif edib. Bunu indidən dünyanın ən uğursuz və fərsiz formatı saymaq olar. Erməni revanşistlər regionu qaynatmaq istəyirlər, amma onların qatarı gedib.
Ukrayna savaşından sonra regionda geosiyasi durumun necə şəkillənəcəyi, nüfuz çəkişməsinin hansı səviyyədə olacağı hələlik sual altındadır. Proses davam edir. Paşinyan da Ukrayna savaşının sonunu gözləyir və bu baxımdan Azərbaycan-Ermənistan sülh sazişinin yaxın zamanlarda imzalanması ehtimalı zəifdir. “Sülh müqaviləsinin layihəsi hazırdır”, “Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər” (Paşinyan), “noyabrda sülh müqaviləsinin imzalanması gözlənilir” və s. belə qulağa xoş gələn sözlər və vədlər erməni diplomatiyasının köhnə “uzun hava”sıdır. Paşinyan İkinci Qarabağ savaşının 2-ci ildönümü ərəfəsində baş nazir kimi özünü rahat hiss edir və artıq öz təcrübəsində sınaqdan çıxarıb ki, Qarabağ faktoru Ermənistanda hakimiyyət dəyişikliyi üçün ciddi faktor olmaqdan çıxıb: adam müharibəni uduzduqdan sonra postunda qaldı və yenidən seçildi.
Üstəlik, təbliğatını elə qurdu ki, 44 günlük savaşdakı məğlubiyyətinə Putini də ortaq edə bildi, baxmayaraq ki, Rusiya Xankəndiyə yolumuzu kəsməsəydi, Ermənistanın və Paşinyanın aqibəti başqa cür ola bilərdi. Müharibəni uduzan Paşinyanı sərhəddəki eskalasiyalarla çətin ki, yıxmaq mümkün olsun. Sentyabrda İrəvanda Paşinyana qarşı baş qaldıran etirazların qısa zamanda daha kütləvi anti-Putin ovqatı qarşısında aciz qalması göstərir ki, baş nazir postunda möhkəm oturub.
Qarabağ məsələsində Ermənistanın artıq subyekt olmaması və “Qarabağ yükü”nü Rusiyanın çiyinlərinə atması da Paşinyana rahat nəfəs aldırır. Baş nazir sözdə statusdan imtina edir, amma bilir ki, “Qarabağ Azərbaycandır” desə belə, Rusiya əngəl olacaq.
Ermənistanın aqressiv diplomatiyası, dezinformasiyaları, revanşist ritorikası hərb meydanında qazandıqlarımızı və üstün mövqeyimizi arxa plana sıxışdıra bilməz. Hərbi qələbə gec-tez masada qəti təsbitini tapacaq. Ermənilərdə belə ümidlər də var ki, onlar da danışıqları illərlə uzada və bir gün güclənib revanş ala bilərlər. Amma Ermənistan bunun üçün Azərbaycan kimi resurslara, sadiq müttəfiqə sahib deyil.
Geosiyasi situasiya və münasibətlər 1991-2020-ci illərdəki kimi deyil, proseslər elə sürətlə dabanbasma dəyişir ki, bir il deyil, bir aydan sonra nələr olacağı qaranlıqdır, dünya nizamının necə formatlanacağı isə heç cizgi halında deyil.

Tehsil-press.az


Oxşar xəbərlər