Bakı Xoreoqrafiya Akademiyası Malayziyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı genişləndirir

Bakı Xoreoqrafiya Akademiyası Malayziyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı genişləndirir Malayziya Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələri Bakı Xoreoqrafiya Akademiyasında (BXA) olublar.
Görüşdə BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən beynəlxalq tədbirdə Malayziya rəqsləri ilə tanış olmaqdan məmnunluğunu söyləyib. O, qonaqlara xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali təhsil ocağı olan BXA-da tədris olunan klassik balet, milli rəqs və digər ixtisaslar haqqında məlumat verib.
Xarici əlaqələr üzrə prorektor Xalq artisti Təranə Muradova BXA-nın Türkiyə, Rusiya, Braziliya, Kolumbiya, Pakistan və digər ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqələrindən danışıb. O, BXA-nın Malayziya səfirliyi ilə mədəniyyət sahəsində əlaqələrin bundan sonra daha da uğurla inkişaf edəcəyini söyləyib, bunun incəsənət aləminə böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Səfirliyin əməkdaşları Şuşada nümayiş etdirilən və quruluşu Əməkdar artist Nailə Məmmədzadəyə məxsus olan rəqsləri böyük heyranlıqla izlədiklərini söyləyib, BXA ilə əməkdaşlıqdan razı olduqlarını qeyd ediblər. Qonaqlar Malayziyanın dövlət bayramlarında, xüsusi tarixi günlərə həsr olunan tədbirlərdə BXA-nın müəllim və tələbə heyətinin rəqs kompozisiyaları ilə iştirakını arzuladıqlarını və bundan böyük fəxarət hissi duyacaqlarını bildiriblər.
Sonda səfirliyin nümayəndələri yüksək qonaqpərvərliyə və görüşə görə BXA-nın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər