ADPU-nun Şəki filialında “Türk dünyası” toplusunun təqdimatı olub

ADPU-nun Şəki filialında “Türk dünyası” toplusunun təqdimatı olub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, tərcüməçi, tarixçi-filosof alim, Milli Məclisin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” toplusunun təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Rafiq Rasulov açaraq toplunun türk cəmiyyətinin bütün gerçəkliyini, türk dünyasının ayrılıq və birləşmə proseslərini, türkün tarixini və müasir dünyada mövqeyini əks etdirən qiymətli bir mənbə olduğunu vurğulayıb.
Sonra filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov Cavanşir Feyziyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, məruzəsində müəllifin ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında oynadığı roldan, elmi fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, türk dünyasının gerçəkliyini bütün detalları ilə göstərə bilən universal bir əsər kimi “Türk dünyası” toplusu hazırda bu istiqamətdə ən qiymətli mənbə hesab oluna bilər.
Tədbirdə filialının tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva toplunun I cildi – “Türk sivilizasiyasının təməl dəyərləri”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı toplunun II cildi - “Türk xalqları” kitabı, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova toplunun III cildi - “Türk dövlətçiliyi tarixi” kitabı, filialın Humanitar fənlər kafedrasının müdiri Vüsal Baxışov toplunun IV cildi - “Türkşünaslıq” kitabı, filialın Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslan isə toplunun V cildi - “Türk dünyasının tarixi şəxsiyyətləri” kitabı haqqında məruzə ilə çıxış ediblər.
Sonra C.Feyziyev çıxış edərək tədbirin təşkilinə görə filialın rəhbərliyinə dərin təşəkkürünü bildirib və “Türk dünyası” adlı toplunun hazırlamasının əsas səbəblərindən danışıb, əsərin dövrümüz üçün son dərəcə vacib olduğunu vurğulayıb.
Tədbirdə filialın tələbələri C.Feyziyevin elmi yaradıcılığı ilə yanaşı gənclərin təhsil haqqını ödəməkdə göstərdiyi maliyyə dəstəyinə görə də təşəkkürlərini bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər