Seulda həssas xarici dillərə dair forumda Azərbaycan dilinin istifadə coğrafiyasından danışılıb

Seulda həssas xarici dillərə dair forumda Azərbaycan dilinin istifadə coğrafiyasından danışılıb Koreya Respublikasının Hankuk Xarici Tədqiqatlar Universitetinin (HUFS) nəzdindəki Həssas Xarici Dillərin Tədrisi Mərkəzinin (CFLE) təşkilatçılığı ilə həssas xarici dillər üzrə 2-ci səfirlər forumu təşkil olunub.
Tədbirdə çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov Azərbaycan dilinin istifadə coğrafiyası, dilimizin əlifbası və qədim əlyazma nümunələri, habelə yazılı Azərbaycan dilinin yaranması və inkişafına böyük töhfə vermiş mütəfəkkir, şair və yazıçılarımız barədə məlumat verib. Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti dilimizin qorunması və inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirib.
Azərbaycanda Koreya, Koreya Respublikasında isə Azərbaycan dilinin tədrisindən söz açan diplomat Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Koreya dilinin, HUFS-da isə Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycan və Koreya dillərinin Ural-Altay dil ailəsinə məxsus olduğu bildirilərək, dillərimiz arasındakı bənzər cəhətlərin fonunda Koreyada təhsil alan azərbaycanlı tələbələrin yüksək akademik nəticələr göstərdiyi vurğulanıb.
R.Həsənov Azərbaycan və Koreya Respublikası arasında yaxınlığın təkcə linqvistik xarakter daşımadığını, xalqlarımızın yaşayış tərzi, adət və ənənələrində də özünü büruzə verdiyini qeyd edib, məhz bu kimi ortaq dəyərlərin Azərbaycan və Koreya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri üçün möhkəm təməl yaratdığını diqqətə çatdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər