AzTU-nun nümayəndə heyəti Türkiyənin bir sıra universitetlərində görüşlər keçirib

AzTU-nun nümayəndə heyəti Türkiyənin bir sıra universitetlərində görüşlər keçirib Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.
Səfər Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” mövzusunda keçirdiyi qrant müsabiqəsi çərçivəsində AzTU-nun qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində həyata keçirilib.
Səfərdə elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Elektrotexnika və elektrik avadanlığı kafedrasının müdiri Hikmət Əliyev iştirak ediblər.
Səfər çərçivəsində AzTU-nun nümayəndə heyəti Qazi Universiteti ilə elektrik və elektronika mühəndisliyi ixtisası üzrə yerinə yetiriləcək ikili diplom proqramının detalları barədə fikir mübadiləsi aparıb. Həmçinin Ankara Universiteti ilə birgə həyata keçirilən kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının icrası zamanı yaranan məsələləri müzakirə edib, universitetlərin rəhbər şəxsləri ilə görüşlər keçiriblər.
Türkiyənin Bilkent Universitetində keçirilən görüşlərdə multidisiplinar istiqamətlərdə birgə tədqiqatlar və professor-müəllim heyətinin qarşılıqlı mübadilə imkanları müzakirə edilib.
Eskişeher Texniki Universitetində kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Hacettepe Universitetində görüş zamanı tərəflər arasında icra edilən layihələr və əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Eyni zamanda, Hacettepe Universiteti ilə AzTU-nun magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi barədə ilkin razılığa gəlinib.

Tehsil-press.az

Oxşar xəbərlər