Ülvi və bəşəri ideyaları xeyirxah əməli ilə yaşadan şəxsiyyət

Ülvi və bəşəri ideyaları xeyirxah əməli ilə yaşadan şəxsiyyət Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə 1985-ci il qəbulu zamanı müəyyən edilmiş şərtlərə görə, abituriyentin ən azı paytaxt mətbuatında iki yazısı çap olunmalı idi. "Xalqın gözü tərəzidir” kəlamı heç də əbəs yerə deyilməyib. Artıq 1970-80-ci illərdə "Bakı” və "Baku” qəzetlərinin xoş sədası, sorağı nəinki paytaxtda, həmçinin respublikanın regionlarında da geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Təbii olaraq, mən də "Bakı” qəzetinin paytaxt və ölkə əhalisini düşündürən problemləri və maraqlandıran məsələləri öz səhifələrində işıqlandırılmasından kənarda qala bilməzdim. Ona görə də "Bakı” qəzeti redaksiyasının sabiq əməkdaşı Şamil müəllimə ilk müəllif yazımı təqdim etdim. O isə öz növbəsində "Bakı” qəzetinin baş redaktoru, ictimai xadim, professor Nəsir İmanquliyevin diqqətinə yeni məqalə müəllifinin Hikmət Əliyev olduğunu çatdırdı.
Baş redaktor həmin yazını nəzərdən keçirərkən, məqalənin "Sənin yaşıdın deputatdır” sərlövhəli başlıqla verilməsindən məmnun olduğunu gizlətməyərək, həmin yazının qəzetin birinci səhifəsində çap edilməsinə göstəriş verdi. Keçirdiyim sevinc hissindən, fərəhdən özümə yer tapa bilmirdim. Bəli, naümid qalmadım. Hörmətli, baş redaktorla ilk görüşümdən yaranan təəssürat altında onun zəhmət adamına, ziyalılara, gənc müəlliflərə, o cümlədən, mənə qarşı olan səmimi münasibətinin və etdiyi xeyirxahlığın canlı şahidi oldum.
Əlbəttə ki, bütün bu ali məziyyətlərin sahibi milli dəyərlərə mənən bağlı, demokratik ənənələrə sadiq olan mətbuatımızın klassiki, ictimai xadim, professor "Bakı” və "Baku” qəzetinin baş redaktoru Nəsir İmanquliyev idi.
Tale və qismət elə gətirdi ki, bir müddət sonra Azərbay­can Dövlət Universitetinin - (indiki BDU-nun) jurnalistika fakültəsinin birinci kursunda oxuyanda, I semestrdə «Jurnalistikanın əsasları» fən­nini bizə tədris edən «Bakı» - «Baku» axşam qəzetləri­nin baş redaktoru, görkəmli jurnalist, tərcüməçi alim, pedaqoq, pro­fessor, böyük insan Nəsir İmanquliyev oldu.
Yaxşı yadımdadır, Nəsir müəllimin söylədiyi mühazirələri yazar, diqqətlə onu dinləyərdik. Uca boyu, məğrur görünüşü, özünəməxsus şux qaməti ilə seçilən Nəsir müəllimin oturuşu da, duruşu da tələbələr üçün sanki bir örnək idi. Asta və aramla hərəkət edər, sakit və müla­yim tərzdə xoş ünsiyyətlə davranar, sözləri, ölçülü-biçimli kəlamları sanki bir nəsihət təsiri bağışlayardı. İnzibatçılıqdan, amiranəlikdən uzaq, müdrik nəzərləri ilə diqqəti çəkən, ədəb-ərkanı ilə seçilən şəxsiyyət idi Nəsir müəllim. Bu alicə­nablıq şübhəsiz ki, məni də duyğu­landırmış, həyatımda müsbət və unudulmaz izlər qoymuşdur...
Nəsir müəllim haqqında yadda­şımda qalan xatirələrimdən bəzi seç­mələri oxucuların diqqətinə çatdır­mağı özümə mənəvi borc bilirəm.
Ən əsası ona görə ki, yüksək insani keyfiyyətləri özündə daşıyan, canı-qanı, varlığı ilə vətəninə və millətinə öz əməlləri ilə xidmət edən şəxsiyyətlər hamıya örnək olmalıdırlar.
Yeniyetmə və gənclərimiz bəzən elə düşünürlər ki, ali təhsil almaqla və yaxud nüfuzlu bir yerdə işləməklə insan əxlaqi-mənəvi dəyərlərə sahib ola bilər.
Nəsir müəllim hər dəfə auditoriyaya daxil olanda tələbələrinə əxlaqi-mənəvi dəyərlərə yiyələnməyi və əməl etməyi öyrədirdi. O, hətta otağın qapısını necə açıb-örtməyi, maşına necə əyləşməyi, oturub-durmağın incəliklərini, «özgənin nəzəri ilə özümüzə baxmağı» özünəməxsus tərzdə tələbələrinə söyləyərdi. Ən ümdə və vacib olan davranış qaydaları ilə yanaşı, beynəlxalq əhəmiyyətli məclis və görüşlərin diplomatiya ünsiyyətinin forma və məzmununa kimi incə mətləbləri özünəməxsus tərzdə izah edər, tələbələri maarifləndirərdi.
Qış fəslində dərs keçdiyimiz auditoriya çox soyuq olduğuna görə, Nəsir müəllim paltosunu soyunub çiyninə atmazdan öncə hər dəfə tələbələrindən icazə istəyir və üzünü bizə tutaraq «siz də çəkinməyin, içəri soyuqdur, paltonuzu çiyninizə salın, icazə verirəm», deyərdi. Bir dəfə məni yanına çağırıb dedi: «Nəvəmi qarşılamaq üçün hava limanına getməliyəm. Moskvadan gələcək, dekanlığa demişəm, «Kommunist» (indiki «İstiqlaliyyət») küçəsində sürücünü gözlə, gələndə mənə xəbər verərsən». Bir neçə dəqiqədən sonra sürücünün gəldiyini Nəsir müəllimə bildirdim. O, təzədən auditoriyaya qayıdaraq tələbələrdən icazə istədi. Mən onu yola salarkən maşına minməzdən əvvəl yenə də bildirdi: «Ola bilsin, əvəz edən müəllim hər hansı bir səbəbdən iştirak edə bilməsin, auditoriyada mütləq sakitliyə riayət edin». Təsəvvür edin, bu sözləri öz tələbələrinə jurnalistika fakültəsinin bünövrəsini qoymuş bir şəxs deyirdi. Ona görə ki, daxili intizamı, varlığından gələn kültürü onu belə etməyə sövq edirdi. Şərq filosofu Mövlanə Cəlaləddin Rumi deyirdi: «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!» Nəsir müəllim öz həyatında şəxsi nümunə göstərməyi bacaran kişilərdən idi. Ancaq təəssüflər olsun ki, yüksək vəzifə daşıyan şəxslərin bəziləri belə səmimiyyəti əməllərində göstərə bilmirlər. Ya da ki, göründüyü kimi olmağı bacarmırlar...
Universiteti bitirdikdən xeyli keç­məsinə baxmayaraq, Üzeyir Hacıbə­yli küçəsindəki «Kitab evi»nin qar­şısında tez-tez görüşər, səmimi və mehriban söhbətlər edər, fikirlərimi­zi bölüşərdik. Səhhəti ilə bağlı gi­leylənəndə Nəsir müəllimə müalicə əhəmiyyətli təbii otlardan çay dəm­ləyib içməyi məsləhət gördüm. Gülərək öz razılığını bildirdi: "Lap unutmuşdum, yaxşı yadıma saldın. Xalq təbabətinin öz yeri var». Elə bil hiss edib duymuşdu ki, evdə xəstə­miz var, mənim valideynlərimin səhhətini xəbər alar, vəziyyətimizlə maraqlanardı. "Bilirəm, yurd itkisi, torpaq dərdi çox ağır olur, darıxma­yın, Qarabağ bizim ağır dərdimizdir. Gec-tez haqq-ədalət öz yerini tapacaq» deyərək, mənə mənəvi təsəl­li, ürək-dirək verərdi.
Dəfələrlə məni «Kitab evi»nin qarşısındakı binaya, mənzilinə dəvət edərdi, «qorxma, bizim liftimiz hə­mişə işləyir» deyib zarafatından da qalmazdı. Əziz müəllimim üçün əziyyət olmasın deyə, dəvətə görə həmişə təşəkkür və minnətdarlığımı bildirərdim. Açığını deyim ki, Bakıda adamı evə dəvət etmək bir o qədər də dəbdə deyil. Görünür, Nəsir müəllim inandığı və etibar etdiyi tə­ləbəsinə dərindən bələd idi. Bir gün Nəsir müəllim bizə telefon edib anamla danışmışdı, vəziyyətimizlə maraq­lanmışdı. Sonra məni həmişə görüş­düyümüz «Kitab evi»nin qarşısına dəvət etdi. Vədələşdiyimiz yerdə görüşüb piyada "Sahil" metrosuna, oradan da «Bakı Soveti» (indiki "İçə­rişəhər”) metro stansiyasının qarşısına gəldik. Yol boyu mənə, narahat olduğu bir məsələ barədə danışdı: "Binanın sakinləri bir nəfər qonşu barəsində prokurorluğa şikayət edib. Arif müəllimin (sabiq Səbail rayon pro­kuroru) xahişi ilə bura gəlmişəm. Həmişə arzu etmişəm ki, qonşuluq münasibətlərinin sonluğu barışla qurtarsın. O, şəxs isə (şikayət olunan qonşu) heyf ki, qon­şuluğun nə demək olduğunu dərk etmir, anlamır. Güman edirəm ki, vaxt gələcək etdiyi pis hərəkətlər­dən gec-tez peşman olacaqdır”.
Hələ paytaxtda, rəsmi tribunalarda azərbaycanca danışan şəxslərə xor baxıldığı bir vaxtda rusdilli oxu­culara doğma ana dilinin saflığından söz açırdı «Bakı» və «Baku» axşam qəzetləri. «Bakı» qəzeti sanki ölkə mədəniyyətini və ədəbi mühiti özündə əks etdirən bir aynaya bənzəyirdi. Bu aynada dövrün qabaqcıl ziyalıları, elm adamlarının düşüncə və fikirləri ilə yanaşı, altmışıncıları təmsil edən yazıçılar Elçin və Anarın müxtəlif səpkili yazı və məqalələri yer alırdı. Vətənpərvər qələm sahib­lərinə, vətəndaş mövqeli, ziyalı yazı­larına «Bakı»nın səhifələrində yer verər, publisist yazılarının ardıcıl olaraq çap olunmasında onlara bir baş redaktor kimi hər cür şərait ya­radardı. İçərişəhərə yad əllər uza­narkən hamını xalqın qədim tarixi-memarlıq abidələrini qorumağa səsləyir, fəryad qoparırdı. Vətəni əyləncə yeri hesab edənlərə cəsarətlə münasibətini bil­dirər, doğru sözün «acısını» dönük­lərə dadızdırardı.
Ülvi və bəşəri ideyaları xeyirxah əməli ilə yaşadan Nəsir müəllimin nə qədər geniş bir ürək sahibi oldu­ğunun hər dəfə şahidi olurduq. Mə­ni düşündürən odur ki, insanlığın təəssübünü çəkən, vətəninə, xalqına təmənnasız xidmət göstərmiş şəxsiyyətlərin öyrənilməsi, görəsən, ayrıca elm sahəsi kimi niyə tədqiq olun­mur? Doğrudur, bu, başqa yazının mövzusuna aid olan bir məsələdir, ancaq hesab edirəm ki, Nəsir müəl­limin zəngin irsinin öyrənilməsi ba­xımından nəzəri təklifim alim və tədqiqatçılar tərəfindən məqbul sayı­la bilər. Bağışlamağı, mərhəməti, insanpərvərliyi və nəcibliyi özündə göstərən bir şəxs kimi, Nəsir müəlli­min ömür yolunda qarşısına çıxan bütün çətinliklərə, maneələrə baxmayaraq, haqq yolundan dönməmiş və heç vaxt ruhdan düş­məmişdir. O, daim humanizmə, vətənpərvərliyə və xeyirxahlığa sa­diq olmuşdur. Neçə-neçə jurnalist nəslinin yetişməsində gərgin zəhmə­tini, elmini, biliyini verməkdən yo­rulmamışdır.
Evsizə ev verilməsinə, mənzili darısqal olan yaradıcı adamların mənzil-məişət şə­raitinin yaxşılaşmasına çalışmış, ona müraciət edənlərə yaxşılığını-səxa­vətini, xeyirxahlığını əsirgəməmiş­dir. Bütün bunlara rəğmən, professor jurnalistin peşə hazırlığına, elmi dün­yagörüşünə, mədəni qabiliyyətinə xüsusi diqqət yetirərdi. Doğmasın­dan doğmalıq, əzizindən hörmət-iz­zət umanların umacaq, ümid yeri ol­muşdur Nəsir İmanquliyev. Arxası olmayanlara arxa olmuş, ailə həyatı quran gənclərə ağsaqqalıq etmişdir. Belə nəcib və ülvi duyğularla yaşamaq, ömür sürmək heç də hər kəsə nəsib olmur. Adətən, hər bir xeyirxahlıq, saf əməl, ül­vi niyyət kökdən, candan, qandan gəlir. Xeyirxah əməlləri ilə, insanlıq adını daim uca tutan müəllimlər müəllimi, böyük ürək sahibi Nəsir müəllimin ruhu qarşısında baş əyi­rəm.

Hikmət Əliyev,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü



Oxşar xəbərlər