Daşkənddə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasından danışılıb

Daşkənddə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasından danışılıb Təhsilin beynəlmiləlləşməsi müasir təhsil sisteminin ən əhəmiyyətli istiqamətlərindən biridir. Universitetlərimizin beynəlxalq tədris və təhsil sisteminə, daha çox Avropa təhsil sisteminə inteqrasiyası bu istiqamətdə ciddi fəaliyyətin aparılmasını təmin edir. Bu, universitetlərimizin, diplomlarımızın tanınması üçün, eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycan universitetlərinə tələbələrin cəlb olunması üçün çox vacibdir.
Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının Daşkənddə keçirilən XV forumu çərçivəsində “MDB ölkələrinin elm və təhsil cəmiyyəti" mövzusunda aparılan müzakirələr zamanı deyib.
Dövlətimizin bu istiqamətə çox böyük diqqət yetirdiyini deyən G.Məmmədova qəbul olunan dövlət proqramlarının məhz Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alması, Azərbaycan təhsil ocaqlarının beynəlxalq təcrübəni mənimsəyərək inkişaf etməsi və irəli getməsi, beynəlxalq nüfuz qazanması istiqamətində aparıldığını deyib. Bildirib ki, bu, dövlət proqramlarında öz əksini tapır: "2007-2013-cü illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə istiqamətlənmiş dövlət proqramı, Azərbaycan təhsilinə strategiyası bütövlükdə sonra isə 2019-cu ildə qəbul olunmuş və 2023-cü ilə qədər olan dövrü əhatə edən, universitetlərimizin, təhsilimizin beynəlmiləşməsinə istiqamətlənmiş, dəstək verən dövlət proqramının bu istiqamətdə çox böyük əhəmiyyəti var". O, azərbaycanlı gənclərin xaricdə təhsili, Azərbaycanda açılan aparıcı universitetlərin filialları, eyni zamanda, universitetlərimizin beynəlxalq əlaqələri barədə məlumat verib.
Həmçinin rəhbərlik etdiyi universitetdə bu istiqamətdə aparılan fəaliyyət, ikili diplom proqramları, İstanbul Texniki Universiteti, Milan Politexnik Universiteti və bir sıra digər nüfuzlu universitetlərlə olan əlaqələr barədə də danışıb.
Çıxışının sonunda G.Məmmədova bildirib ki, MDB məkanında bu istiqamətdə geniş əlaqələrin qurulması təhsil sisteminin inkişafına öz töhfəsini verə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər