“Meh” ədəbi dərnəyinin 5 ili

“Meh” ədəbi dərnəyinin 5 ili Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin 5 illik hesabat tədbiri keçirilib.
Əvvəlcə fakültənin foyesində dərnək üzvləri tərəfindən canlandırılan klassik və müasir Azərbaycan şairlərinin obrazları qonaqları salamlayıb, milli adət-ənənələrimizə dair kompozisiya nümayiş edilib.
Tədbirdə çıxış edən ADPU-nun Ədəbiyyat kafedrasının müəllimi dosent Qüdrət Umudov bildirib ki, 2018-ci ildə fakültə dekanı professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan “Meh” ədəbi dərnəyi tələbə həyatının canlanmasına səbəb olub. Nəsr, poeziya və ədəbi tənqid bölmələri ilə fəaliyyətə başlayan ədəbi dərnəkdə bu gün, həmçinin musiqi, rəsm, rəqs, teatr və aktyorluq və bədii qiraət bölmələri fəaliyyət göstərir. Dərnək bu müddət ərzində çoxsaylı respublika və beynəlxalq tədbirlərdə uğurla təmsil olunub, ADPU-nun 100 illik yubiley tədbirinin bədii hissəsini, ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılıq və yubiley tədbirlərini təşkil edib.
“Meh” ədəbi dərnəyinin fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra ədəbi-bədii kompozisiya, müxtəlif əsərlərdən səhnələr təqdim olunub. Bədii hissədə tanınmış şairə Mahirə Nağıqızının “Qəlbimdəki məzar”, “Sənli günlərim”, “Xəyalımda”, “Ağlama” şeirləri səsləndirilib, incəsənət nümayəndələrinin ifasında bəstəkar və xalq mahnıları, aşıq havaları və muğamlar ifa olunub. Dərnəyin üzvləri xalq mahnısı “Sarı gəlin”i Azərbaycan, ingilis və fransız dillərində ifa ediblər.
Sonda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova tərəfindən “Meh” ədəbi dərnəyinin rəhbəri Raman İsmayılov və üzvlər məhsuldar fəaliyyətə görə fəxri fərmanla təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər