“Milli-mənəvi dəyərlər və tolerant münasibət folklorda” - dəyirmi masa

“Milli-mənəvi dəyərlər və tolerant münasibət folklorda” - dəyirmi masa Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm mərkəzində “Milli-mənəvi dəyərlər və tolerant münasibət folklorda” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Multikulturalizm mərkəzinin müdiri Loğman Rəşidzadə dünya və Azərbaycan folklorunun məziyyətlərindən söz açıb, folklor nümunələrində tolerantlıq və multikultural meyilləri nəzərə çatdırıb.
Ədəbiyyat kafedrasının müdiri akademik Muxtar İmanov folklor nümunələrində əks olunan bəşəri dəyərlərə geniş şərh verib. Bildirib ki, bəşəriyyətin uşaqlıq çağının təfəkkür məhsulu, yaradıcılıq ruhu olan folklor nə qədər lokal xarakter daşısa da, son anda xalqları birləşdirən təfəkkür eyniliyi kimi təzahür edib. Dünyanın müxtəlif yerlərində təbiətə, insan cəmiyyətinə eyni münasibət bəsləmiş insan oğlu onun təsvir və tərənnümündə də ortaq təfəkkür nümayiş etdirib. Odur ki, dünya xalqlarının folkloru - mifləri, dastanları, nağılları, bayatı və oxşamaları, atalar sözləri və s. bir-birinə bənzəyir, bir-birini tamamlayır.
Tədbirdə Azərbaycanda qaraçıların yerləşməsi, fəaliyyəti, folklor və mədəniyyətindən danışılıb, Şəki-Zaqatala bölgəsində yaşayan azsaylı xalqların mədəniyyət, məişət və folklor nümunələri diqqətə çatdırılıb.
Həmçinin “Rutul etnik qrupu Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi kimi” mövzusunda məruzə dinlənilib.
Qeyd olunub ki, ölkəmizin multikultural mühiti folklor nümunələri baxımından da səciyyəvidir. Burada yaşayan azsaylı xalqların folklor nümunələri nə qədər fərqli və rəngarəng, özünəməxsus xüsusiyyətlərə malik olsa da, Vətən sevgisi, dostluq, qardaşlıq, torpağa bağlılıq və digər əbədi dəyərlərə münasibətdə birləşir, eyni tendensiyanı nümayiş etdirir.

Tehsil-press.az



Oxşar xəbərlər