“Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib

“Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış “Şərur folklor örnəkləri” kitabı oxucuların ixtiyarına verilib.

Tehsil-press.az xəbər verir ki, “Elm və təhsil “nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitabın tərtibçiləri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov və filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır. Hər bir gənc folklor araşdırmaçısı üçün çox dəyərli mənbə olan kitaba filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə redaktorluq edib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov kitaba Naxçıvan folklorunun özünəməxsus cəhətləri, Azərbaycanın başqa regionlarının folklorundan fərqli xüsusiyyətləri barədə sanballı “Ön söz” yazıb. Naxçıvan bölgəsinin folkloru üçün səciyyəvi janrları fərqləndirən M.İmanov yazır: “Bu günün özündə Naxçıvanda, xüsusən Şərurda onlarla yallının ifa olunması, haxışta və gülümeylərin toy mərasimlərinə milli kolorit verməsi, “Xan bəzəmə” oyununun Novruz şənliklərinin tərkib hissəsinə çevrilməsi göstərir ki, musiqi, rəqs, tamaşa və sözün vəhdətinə əsaslanan ifaçılıq bu bölgə üçün nə dərəcədə səciyyəvidir. Naxçıvan folklorunu ayrıca götürülmüş söz mətnləri baxımından araşdırsaq, heç şübhəsiz, bu folklorda mif, əfsanə, rəvayət, nağıl və lətifə kimi janrların aparıcı yer tutmasının şahidi olarıq. Bu aparıcılığı ümumu şəkildə olsa da, nə ilə müəyyənləşdirə bilərik? Həmin janrların işləkliyi; məzmun və formaca mükəmməlliyi; obraz, motiv və süjetinə görə orijinallığı ilə”.
M.İmanov Naxçıvan Muxtar Respublikasında folklor nümunələri və etnoqrafik materialların toplanması üçün dövlət əhəmiyyətli tədbirlərin və qəbul edilmiş rəsmi sənədlərin əlverişli şərait yaratdığını da vurğulayıb.
Kitab Folklor İnstitutunun əməkdaşları Fidan Qasımova və Gülnurə Canməmmədovanın 2012-ci ilin dekabrında Naxçıvanın Şərur rayonuna ezam olunduqları vaxt topladıqları folklor materialları əsasında hazırlanıb. Xüsusilə, dünyanın yaranması, göy cisimləri, peyğəmbərlər, imamlar, pirlər, ocaqlar və yer adları haqqında mifoloji mətnlər Şərurun qədim folklor və mədəniyyət beşiyi olduğunu təsdiqləyir. Kitabda Şərura məxsus olan bayramlar və toy adətləri haqqında etnoqrafik mətnlər, nağıllar, lətifələr, eləcə də pirlər, ocaqlar, ziyarətgahlar barədə şəkillər yer alıb. Bundan başqa, nəşrə “Bitlə birənin nağılı”, “Halva” nağılları və Fəridə Kərimovanın topladığı bayatılar və atalar sözləri daxil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər