Media nümayəndələri AzMİU-da imtahan prosesini izləyiblər

Media nümayəndələri AzMİU-da imtahan prosesini izləyiblər Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) mediatur təşkil olunub.
Mediatur çərçivəsində əvvəlcə iştirakçılarla AzMİU rəhbərliyinin görüşü keçirilib. Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitet haqqında, xüsusilə imtahan prosesi ilə bağlı geniş məlumat verib.
Daha sonra AzMİU rəhbərliyi və mediatur iştirakçıları 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini izləyiblər. KİV nümayəndələri və tur iştirakçıları imtahan verən tələbələrlə söhbət aparıblar və proseslə bağlı universitet rəhbərliyinə suallar ünvanlayıblar.
Məlumat verilib ki, imtahanlarda bakalavr səviyyəsi üzrə 7658, magistratura səviyyəsi üzrə isə 990 tələbə iştirak edir. Bakalavr səviyyəsində təhsil alan tələbələr xüsusi qabiliyyət tələb olunan fənlərdən fakültələrdə qabiliyyət, digər fənlərdən yazılı və test üsulu, magistratura səviyyəsində təhsil alan tələbələr isə yazılı, şifahi və test üsulu ilə imtahan verirlər. İmtahanların yüksək səviyyədə təşkil olunması üçün ümumilikdə 10 auditoriya ayrılıb. Test üsulu ilə imtahan verən tələbələr üçün 180 və 30 kompüterdən ibarət kompüter zalları fəaliyyət göstərir. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə AzMİU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir. Sessiyanın gedişində universitetdə “Açıq qapı” günləri təşkil olunur.
Qeyd edilib ki, üzrlü səbəblərdən sessiya zamanı hansısa fənlərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün həmin fənlərdən imtahan vermək üçün sessiyadan sonra şərait yaradılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər