AzTU-da yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub

AzTU-da yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub Azərbaycan Texniki Universitetində (AzTU) yaz semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
Mediaturda tələbələrin valideynləri, AzTU-nun ictimai şurasının üzvləri, media nümayəndələri iştirak ediblər.
Mediatur iştirakçılarına məlumat verilib ki, AzTU-da 2021-2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 3-də başlanıb və iyulun 5-dək davam edəcək. Üç növbə üzrə keçirilən imtahanlar şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə təşkil olunub. Şifahi imtahanların keçirilməsi üçün universitetdə 75 imtahan otağı ayrılıb. İmtahan otaqları müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunub. Test imtahanları isə kompüter zallarında təşkil edilib.
Qiyabi formada təhsil alan tələbələr üçün isə imtahan sessiyası iyunun 22-də başlanıb və iyulun 1-də başa çatacaq. Qiyabi təhsil alan I və II kurs tələbələrinin imtahanları test, III və IV kurs tələbələrinin imtahanları isə şifahi üsulla aparılır.
Sessiya müddətində bakalavriat səviyyəsində 5922 tələbə, magistratura səviyyəsində 1000 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur. Müxtəlif səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə sessiya bitdikdən sonra imtahan vermək üçün şərait yaradılacaq.
Sonuncu kurs tələbələrinin (bakalavriat səviyyəsi üzrə 2000, magistratura səviyyəsi üzrə 500 tələbə) Yekun Dövlət Attestasiyası və dissertasiya müdafiəsi iyunun 22-də başlanıb və iyulun 5-dək davam edəcək.
İmtahan sessiyasının təşkili ilə əlaqədar universitetdə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.
Mediatur iştirakçıları kompüter zalları və imtahan otaqlarında imtahanın gedişini izləyiblər.
İmtahanların müvafiq qaydalara uyğun keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Mediatur zamanı AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələr, əldə olunan nəticələr barədə məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər