BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi ilə görüş keçirilib.
Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil pillələri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsinə və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılar hərəkatının başlanılması üçün səylərin birləşdirilməsinin mühüm rol oynadığını söyləyib. Bu baxımdan əməkdaşlığa açıq olan ali məktəblərə, o cümlədən AzTU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. O, bilik və bacarığını reallaşdıra, ideyasını məhsula çevirə bilən startapçı gənclərin inkişafında, elmin sirlərinə yiyələnməsində ali məktəblərin dəstəyinin mühüm şərtlərdən biri olduğunu deyib. İdarə müdiri müvafiq meyarlar əsasında startapçı şagirdlərin seçimi ilə bağlı elektron portalın yaradılması təklifi ilə çıxış edib.
AzTU-nun rektoru Vilayət Vəliyev BŞTİ ilə əməkdaşlıqdan məmnunluğunu və bu əlaqələrin qarşılıqlı fayda verəcəyinə əminliyini bildirib. O qeyd edib ki, bu əməkdaşlıq şagirdlərin universitetin tədqiqat imkanlarından səmərəli istifadə etməsinə şərait yaradılması baxımından faydalı olacaq. Rektor universitetlə məktəblər arasında qarşılıqlı təcrübə mübadiləsinin həm tələbələr, həm də şagirdlər üçün əhəmiyyətli olacağını, startap layihələrlə işləyən gənclərin motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb.
Görüşdə Bakı şəhərindəki ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində kömək göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə AzTU-nun gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər