“Yalanlar tarixinin gerçək üzü” layihəsi çərçivəsində ilk kitab nəşr edilib

“Yalanlar tarixinin gerçək üzü” layihəsi çərçivəsində ilk kitab nəşr edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oxu mədəniyyəti” layihəsi çərçivəsində Almaniyada yaşayan azərbaycanlı alim Rasim Sadiqin “Hay soyu ərmən cildində” kitabının təqdimatı keçirilib.
Rektor professor Ədalət Muradov Azərbaycanın tarixi düşmənləri olan ermənilərin hay soyu tarixi barədə həqiqətlərinin dünyaya çatdırılmasında təqdim olunan kitabın mühüm rol oynayacağını bildirib. Rektor UNEC-də fəaliyyət göstərən Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzində tədqiqatlar aparıldığını, həmçinin erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək məqsədilə universitetdə 2 dəfə erməni dili kurslarının təşkil olunduğunu diqqətə çatdırıb. Qarabağın işğaldan azad olunmasından sonra belə tədqiqatlara böyük ehtiyacın yarandığını deyən rektor, UNEC alimlərinin Qarabağın iqtisadiyyatı, tarixi ilə bağlı tədqiqatlarını daha da genişləndirdiklərini qeyd edib.
Kitabın müəllifi dosent Rasim Sadiq bildirib ki, Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə hay-erməni və Hayastan-Ermənistan paralellərinin öyrənilməsinin Azərbaycan tarixçilərinin vəzifəsi olduğunu söyləyib. Müəllif bu gün həmin vəzifəni yerinə yetirdiyi üçün qürur duyduğunu bildirərək, apardığı araşdırmanın 44 günlük müharibədə qazanılmış möhtəşəm qələbəmizin zəminində gündəmə gəldiyini və “Yalanlar tarixinin gerçək üzü” layihəsinin nəticələrindən yaranmış birinci kitab olduğunu deyib. Müəllif son üç yüz ildə dünya tarixşünaslığına təlqin edilən “beş min illik erməni tarixi” tədqiqinin, bugünkü ermənilərin əcdadı olan “hay” etnosunun yaranmasının, onların Anadoluya və Cənubi Qafqaza miqrasiyasının tarixi, səbəbləri, səbəbkarları və nəticələrinin kitabda öz əksini tapdığını qeyd edib.
Tədbirdə çıxış edənlər kitabın müasir dövrümüz üçün çox faydalı olduğunu və dünyanın müxtəlif dillərinə tərcümə olunaraq, yayılmasının vacibliyini bildiriblər.
Sonda tədbir iştirakçıları Qarabağ kitablarından ibarət sərgi ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər