ABŞ siyasətçisi: “İran Moskvanın zəifləməsindən istifadə edib Qafqaza inqilab ixrac etmək istəyir”

ABŞ siyasətçisi: “İran Moskvanın zəifləməsindən istifadə edib Qafqaza inqilab ixrac etmək istəyir” ABŞ Nümayəndələr Palatasının Arizona ştatından olan sabiq respublikaçı üzvü, tanınmış teleaparıcı Con Devid Heyvörs (John David Hayworth) İranın Cənubi Qafqazda siyasi ambisiyalarından bəhs edən məqalə dərc edib.
“American Greatness” saytında “Bu arada, İranda…” başlığı ilə paylaşılmış məqalədə İranın Ukraynadakı müharibədə Rusiyanın zəifləməsindən və ABŞ-ın yoxluğundan istifadə edərək Cənubi Qafqazda öz nüfuzunu gücləndirməyə çalışmasından bəhs edilib.
Məqalədə qeyd olunub ki, bu həftə İranda inqilabın 44-cü ildönümü münasibətilə çıxış edən Ayətullah Xomeneyi İranın inqilabı bütün dünyaya ixrac edəcəyini deyib.
Əlavə edib ki, dünyanın diqqəti əsasən Ukraynaya yönəldiyi üçün, bir çoxları İranın hazırkı Prezidentinin çıxışının yayımlandığı canlı yayıma rejim əleyhinə haker hücumunun baş verməsindən xəbər tutmayıb.
Müəllif qeyd edib ki, İranın kibertəhlükəsizliyi hər nə qədər zəif olsa da onun regionda nəzarətini artırmaq səylərini davam etdirməsinə dair sübutlar var və bu qonşularını narahat edir.
Vurğulanıb ki, yanvarın 27-də, Holokost qurbanlarının anım günündə İsrailin Qafqazdakı müttəfiqi və İranın qonşularından olan Azərbaycan Tehrandakı səfirliyinə radikal silahlı tərəfindən hücum edilməsindən sonra İranın niyyətini anlayıb. Qeyd olunub ki, Azərbaycanın terror aktı kimi qəbul etdiyi bu hücumla bağlı İran tərəfi günlərlə səssiz qalıb:
“Bundan yalnız həftələr əvvəl İranın raket sistemləri və Rusiyaya Ukraynada (istifadə üçün) satdığı kamikadze dronları Azərbaycanın düşməninə, İranın digər şimal qonşusu olan Ermənistana nəql edilib. Bu hərbi manevrlərə əlavə olaraq Ermənistanda, Azərbaycanla sərhəddən cəmi iki kilometr məsafədə İranın yeni konsulluğu açılıb”.
Məqalədə İranın bütün bu addımları niyə məhz indi atmasına aydınlıq gətirilib:
“Niyə indi? İran onilliklər boyunca Rusiyanın davam edən regional nüfuzu səbəbilə inqilabı Qafqaza ixrac edə bilməyib. Lakin Moskva qorxusu azaldıqca və (Rusiyanın) Ukraynadakı hərbi çatışmazlıqları aydın olduqca İran boşluğu doldurmaq üçün şans görür. İranın bu cür avantürizmi Azərbaycan üçün daha çox problemlər yaradacaq – (Azərbaycan) özünü geosiyasi olaraq mühasirəyə alınmış görəcək.”
Müəllif qeyd edib ki, İranın Qafqazdakı avantürist səyləri Ermənistandan başlayacaq, çünki bu xalq “açıq qapı” təklif edir:
““Wikileaks”in açıqladığı Dövlət Departamentinin sənədləri (Ermənistanın) əsrin əvvəllərindən bəri İranla hərbi və sanksiyalara zidd əlaqələrini və hətta İraqda ABŞ hərbçilərini öldürmək üçün istifadə edilən silahların ermənilər tərəfindən satışını ifşa edib”.
Əlavə olunub ki, İranın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan və 1990-cı illərdə Moskvanın aktiv hərbi iştirakı ilə Azərbaycana qarşı uğurlu hərbi əməliyyatlar aparmış Ermənistandan üz çevirməsi üçün indi də heç bir səbəbi yoxdur.
Müəllif vurğulayıb ki, Moskvadan təkrarlanan rədd cavabları alan Ermənistan artıq İranı özünün yeni təhlükəsizlik təminatçısı kimi nəzərdən keçirir:
“Ermənistanın siyasi sinifləri ən ehtiyac duyduqları anlarda Moskva tərəfindən təkrarlanan tərk edilmələrə məruz qalırlar. Rusiya 2020-ci ildə Ermənistanın müraciəti ilə 1990-cı illərin müharibəsinin təkrarı zamanı hərbi müdaxilə edə bilmədi. Ötən iki ildə daha kiçik, sərhədlərarası toqquşmalarla KTMT-nin NATO-nun 5-ci maddəsinə bənzəyən müdafiə doktrinasını işə salmaq səyləri oldu. Bütün bunlar Rusiyanın rədd cavabları ilə qarşılaşdı. Moskvanın parçalanan gücü Ermənistanı İranı yeni təhlükəsizlik təminatçısı kimi görməyə məcbur edir”.
Məqalədə Azərbaycanın qaz tədarükünün Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi və bölgədə ABŞ-ın həqiqi müttəfiqi olduğu vurğulanıb:
“Fakt budur ki, Avropaya qaz tədarükünü artıraraq qitənin Rusiyadan enerji asılılığını azaldan... Ukraynanın təcili yardım maşınlarına pulsuz yanacaq tədarük edən Azərbaycan Ermənistanın bu vaxta qədər olduğundan daha çox ABŞ müttəfiqi kimi davranır”.
Müəllif qeyd edib ki, ABŞ Azərbaycanın bu dəstəyinin müqabilində ona daha azını təklif edir.
“Amerika diplomatik, iqtisadi və hərbi baxımdan Qafqazda mövcud deyil. ABŞ 2020-ci ilin müharibəsinə son qoyan atəşkəs razılaşmasında heç bir nəzərəçarpan rol oynamadı və öz rolunun Rusiya tərəfindən doldurulmasına icazə verdi”.
Müəllif qeyd edib ki, “ABŞ oyanana qədər İranın qonşuları üzərindəki pisniyyətli nüfuzu artacaq və bu, Xomeyninin varislərinə 44 ildir ki əldə edə bilmədikləri bir fürsəti - inqilabı Qafqaza ixrac etmək imkanı verəcək”.
Məqalədə Avropalıların cəhd etmələrinə baxmayaraq Ukraynada olduğu kimi Qafqazda da təsir imkanlarından məhrum olduqları qeyd edilib.
Məqalənin sonunda müəllifin Ermənistanla bağlı fikirlərinə yer verilib:
“Ermənistan olduqca acizdir və günahkarların şərikidir. Azərbaycanın isə təkbaşına İranı və Rusiyanı cilovlamaq imkanı yoxdur. Nə qədər ki, ABŞ susqunluğunu bir kənara qoymur, Rusiyanın zəifliyi İranın ABŞ müttəfiqləri ilə dolu olmalı olan regionda ölkələrə nüfuz etməsi üçün imkan verəcək”.

Tehsil-press.az



Oxşar xəbərlər