Azərbaycan filmi Fransada 3 mükafat qazandı

Azərbaycan filmi Fransada 3 mükafat qazandı Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın 3 mükafatına layiq görülüb:
Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Marc Haaz jüri mükafatlarıdır.
Festivalda filmi rejissor Asif Rüstəmov təmsil edir. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır. Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Qeyd edək ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər