BDU-da Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin nümayəndələri ilə görüş

BDU-da Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin nümayəndələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzinin Aparat rəhbəri Kristofer Kempbell-Holtun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rektor E.Babayev qonaqlara BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələri, “Universitet-5.0” adlı prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BDU Azərbaycanın ən böyük ali məktəbidir. Universitetdə 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır, 3 minə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərlə, o cümlədən Qazaxıstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.
Kristofer Kempbell-Holt təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi Qazaxıstanda yerli hüquq sisteminə alternativ, müstəqil, beynəlxalq məhkəmə sistemi olub, dövlət qurumları, iri şirkətlər, ali məktəblərlə əməkdaşlıq edir, hüquqi fəaliyyətlə yanaşı, təlim və təcrübə proqramları həyata keçirir.
Görüşdə BDU ilə Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az





Oxşar xəbərlər