Müstəqillik dövrümüzün ilk təhsil islahatları ilə bağlı müzakirə keçirilib

Müstəqillik dövrümüzün ilk təhsil islahatları ilə bağlı müzakirə keçirilib ADA Universitetində “Heydər Əliyev və Azərbaycan təhsilində ilk islahatlar” mövzusunda dəyirmi masa keçirilib.
Elm və Təhsil Nazirliyinin və ADA Universitetinin Təhsil fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən müzakirədə 1999-2003-cü illərdə keçirilən təhsil islahatlarında bilavasitə iştirak edənlər, bu prosesin icraçıları və təhsil ekspertləri iştirak ediblər. Tədbirdə həmin islahatların köhnə ideologiyadan uzaq, milli kimliyimizi özündə əks etdirən təhsil ənənələrinin formalaşmasına və müasir təhsil sisteminə təsirləri barədə danışılıb.
Açılış nitqi ilə çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, müasir təhsil mühitindəki uğurlar o dövrdə baş verən islahatların nəticəsidir.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsil tarixindəki misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, azərbaycançılıq dəyərləri həm öncəki, həm də hazırkı təhsil islahatlarının əsasını təşkil edir.
Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin 1999-cu il 15 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nı yada salıb. Bu tarixi sənədin milli təhsilin məzmun və mahiyyətinə müasir yanaşma ortaya qoyduğunu ifadə edərək sözügedən islahatları dünya təhsilinə inteqrasiya kimi qiymətləndirib.
Müzakirə ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılovanın moderatorluğu ilə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər