ADPU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub

ADPU-da akademik Zərifə Əliyevanın 100 illik yubileyi qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli – 68” ərazi partiya təşkilatı (ƏPT) tərəfindən görkəmli oftalmoloq-alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADPU-nun foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Tədbirdə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov deyib: “Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır”.
Bildirilib ki, 2022-ci il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb. Ölkəmiz ən böyük göz xəstəlikləri mərkəzi olan Milli Oftalmologiya Mərkəzi məhz Akademik Zərifə Əliyevanın adını daşıyır.
Sonra akademikin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Filologiya fakültəsinin tələbəsi Aytac Muradlının moderatorluğu ilə davam edən tədbirdə çıxış edənlərdən vaxtilə Zərifə xanımla birgə çalışmış tanınmış oftalmoloq alim, professor Paşa Qəlbinur, tibb elmləri doktoru, Azərbaycan Fitoterapeftlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova, AMEA-nın vitse-prezidenti professor İradə Hüseynova və tibb tarixi üzrə araşdırmaçı Aidə Bəndəliyeva böyük alim və ictimai xadim, nəcib insani keyfiyyətlərə malik görkəmli şəxsiyyət Zərifə xanım haqqında xatirələrini bölüşüb, onun elmi-praktik irsindən söz açaraq apardığı tədqiqatların önəmi qeyd ediblər. Bildirilib ki, Azərbaycan milli oftalmologiyasının banilərindən olan akademik Zərifə Əliyeva elmdə bir çox ilklərə imza atmaqla 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax Mükafatına layiq görülüb. Çıxışlarda vurğulanıb ki, Zərifə xanım böyük alim olmaqla yanaşı, görkəmli ictimai xadim kimi də Azərbaycan tarixində xüsusi yer tutur. Həm də Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi Zərifə xanım daim onun yanında olub, bu gün Ümummilli Lider yolunu uğurla davam etdirən Prezident İlham Əliyev kimi məharətli və güclü siyasi lider yetişdirib.
Tədbir Mahirə Nağıqızının “Heydər dastanı” şeirinin səsləndirilməsi ilə sona çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər