ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq genişlənir

ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq genişlənir ADA Universitetində ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.
Görüşdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev bildirib ki, Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı təqdim etmək istiqamətindəki ilkin əməkdaşlığımız proqramın uğurlu icrası və tərəfdaşların dəstəyi nəticəsində genişlənir. İndiyədək tələbələrdən ibarət 6 fərqli qrupun ikili diplom proqramına qəbul edildiyini deyən rektor qeyd edib: "Sevindirici haldır ki, Corc Vaşinqton Universiteti ilə yeni "4+1" əməkdaşlıq formatına keçid edirik. Bu format tələblərə ADA Universitetindən bakalavr, Corc Vaşinqton Universitetindən isə magistr diplomu almaq fürsəti verəcək."
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov ikili diplom proqramının icrasına dair indiyədək olan nəticələri paylaşıb. Dekan Corc Vaşinqton Universitetinin professorları ilə birgə əməkdaşlığın inkişafı üçün mexanizmlərin işlənib hazırlandığını vurğulayıb. Gələcək əməkdaşlıq doktorantura məzunlarının yetişdirilməsini, professor-müəllim heyətinin işə götürülməsini əhatə edəcək.
Qlobal əməkdaşlığın genişləndirilməsinin Corc Vaşinqton Universiteti üçün əhəmiyyətindən bəhs edən dekan Con Lak ADA Universitetinin bu əməkdaşlıqda xüsusi yer tutduğunu diqqətə çatdırıb: "Bakıya səfərimiz çərçivəsində gələcək plan və proqramlarımızı müzakirə etdik. "4+1"formatı çərçivəsində tələbələrin öz sahələri üzrə xaricdə təcrübə qazanması müzakirə edilən bir çox mövzulardan biridir”.
Elm və Təhsil Naziri Emin Əmrullayev ikili diplom proqramının yerli kadr hazırlığına fayda verdiyini vurğulayıb.
"İkili diplom proqramları rəqabətədavamlı gənclər yetişdirməklə yanaşı, həm də müəllimlərin peşəkarlığının artırılmasına, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə və universitetlərin inkişafına səbəb olub”, - deyə nazir əlavə edib.
Corc Vaşinqton Universitetini təmsil edən qonaqlar bildiriblər ki, ikili diplom proqramları universitet-sənaye tərəfdaşlığını gücləndirir, beynəlxalq təcrübə mübadiləsini dəstəkləyir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Fərid Əhmədov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ikili diplom proqramlarının icrası ilə bağlı tövsiyələrini bölüşüblər. Bildiriblər ki, universitet nəzdində tədqiqat ekosisteminin inkişafı, biznes sektorundakı şirkətlərin bu prosesə dəstək göstərməsi və proqram məzunlarının akademik mentorlar tərəfindən düzgün sahələrə istiqamətləndirilməsi olduqca vacibdir.
Qeyd edək ki, ADA Universiteti 2020-ci ildən etibarən “Kompüter elmləri və Data analitikası”, 2021-ci ildən etibarən “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramı təqdim edir. Corc Vaşinqton Universitetinin dekanı Con Lakın səfəri və ikitərəfli danışıqların nəticəsi olaraq bu proqramların genişləndirilməsi, doktorantların yetişdirilməsi və professor-müəllim heyətinin cəlb edilməsi nəzərdə tutulub.
İkili diplom proqramı çərçivəsində "Uyğunlaşdırılmış proqram" vasitəsilə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin bakalavr tələbələri birillik magistr proqramlarına birbaşa qəbul ediləcək. Hər iki universitet arasında genişlənən əməkdaşlıq imzalanan “Niyyət sazişi”ndə əksini tapıb.
Qeyd edək ki, Corc Vaşinqton Universitetini təmsil edən nümayəndə heyətinin tərkibində Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak, Elektrik və kompüter mühəndisliyi fakültəsinin professoru Tariq-el Qazari və Kompüter elmləri üzrə mühəndislik fakültəsinin professoru Stefan Kaysler olublar.

Tehsil-press.az


Oxşar xəbərlər