Azərbaycan Universitetində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda tədbir keçirilib Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan növbəti tədbir Humanitar fənlər fakültəsində keçirilib. Tədbirin qonaqları AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramova olub.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açaraq qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində ölkədə və ölkə xaricində, o cümlədən Azərbaycan Universitetində müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdə müasir Azərbaycan dövlətinin qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə, zəngin irsinə nəzər salınır. Növbəti belə tədbirlərdən biri ümummilli liderin milli dövlətçilik ideyalarının gənclərin diqqətinə çatdırılması məqsədilə təşkil olunub.
Açılış nitqinin ardından tələbələr professor Sakit Hüseynovun və tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramovanın çıxışına qulaq asıblar. Sakit Hüseynov çıxışında ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, Azərbaycandakı tolerant və multikultural mühit haqqında danışıb. Sevil Bəhrəmovanın çıxışı isə “Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu izlər” mövzusuna həsr olunub. Qonaq vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində incəsənətin və mədəniyyətin inkişafına xüsusi qayğı göstərib və diqqət mərkəzində saxlayıb.
Sonda Politologiya ixtisası üzrə təhsil alan I kurs tələbəsi və “Gənc diplomatlar klubu”nun sədri Selcan Məmmədova tədbir iştirakçılarına klubun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Selcan Məmmədova qeyd edib ki, Siyasi elmlər kafedrasının tərkibində təsis olunan kluba diplomatiyaya marağı olan bütün tələbələr qoşula bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər