UNESCO “Qadınlar elmdə” beynəlxalq mükafatı laureatlarının adlarını açıqlayıb

UNESCO “Qadınlar elmdə” beynəlxalq mükafatı laureatlarının adlarını açıqlayıb “L’Oréal” fondu və UNESCO-nun təsis etdiyi 25-ci “Qadınlar elmdə” beynəlxalq mükafatının beş laureatının adları açıqlanıb.
Mükafatların təqdimat mərasimi iyunun 15-də təşkilatın Parisdəki mənzil-qərargahında olacaq. Planetimizin beş regionunu təmsil edən laureatlar bu mükafata fizika, riyaziyyat və kompüter elmləri sahəsində apardıqları tədqiqatların dünya elminə verdiyi töhfəyə görə layiq görülüblər.
2023-cü il üzrə laureatlar professor Artur Avilanın rəhbərlik etdiyi müstəqil münsiflər heyəti tərəfindən seçilib. Bu heyətə Avropa, Asiya və Latın Amerikasından olan nüfuzlu alimlər daxildir.
Afrika və ərəb dövlətləri üzrə laureat kimyaçı, Kral Abdulla Elm və Texnologiya Universitetinin professoru Suzana Nunes (Səudiyyə Ərəbistanı) olub. O, daha az karbon qazı ilə yüksək effektiv kimyəvi ayırmalara nail olmaq üçün innovativ membran filtrlərinin işlənib hazırlanmasında tədqiqatına görə mükafata layiq görülüb.
Latın Amerikası və Karib hövzəsi üzrə laureat Venesuela Mərkəzi Universitetinin fizika professoru Anamaria Font seçilib. O, jüri tərəfindən nəzəri hissəciklər fizikasına mühüm töhfəsinə görə seçilib. Professor Fontun tədqiqatı kvant cazibə qüvvəsinin təsirləri, qara dəliklərin təsviri və böyük partlayışdan sonrakı ilk anlara aiddir.
Şimali Amerika üzrə mükafatın laureatı San-Fransisko Genetik Araşdırma Mərkəzinin professoru Aviv Regev olub. Onun tədqiqatı hüceyrə biologiyasında inqilab etmək üçün riyaziyyat və kompüter elmlərini tətbiq edən qabaqcıl texnologiya ilə bağlıdır.
Asiya və Sakit Okean regionu üzrə laureat Avstraliyanın Quinsland Texnologiya Universitetinin laboratoriya rəhbəri, professor Lidya Moravskadır. O, bu mükafata havanın çirklənməsinin insan sağlamlığına və ətraf mühitə təsiri sahəsində mükəmməl tədqiqatlarına görə layiq görülüb.
Avropa üzrə laureat isə Oksford Universitetinin həndəsə professoru Frensis Kirvandır. Onun riyaziyyat elmi üzrə tədqiqatları dünyanın ən nüfuzlu universitetlərində tədris edilir.

Tehsil-press.az


Oxşar xəbərlər