Britaniyanın Koventri Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraqlıdır

Britaniyanın Koventri Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraqlıdır Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Böyük Britaniyanın Koventri Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin təsisçisi Mayk Hardi və Koventri Universitetinin professoru Riçard Daşvord, habelə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.
Nazir müavini “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunan hədəflərə uyğun olaraq elm və təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə qonaqlara məlumat verib. Firudin Qurbanov xaricdə təhsil üzrə həyata keçirilən dövlət proqramlarının ölkəmizdə insan kapitalının formalaşdırılması və inkişafına verdiyi müsbət töhfəni vurğulayıb. Qeyd olunub ki, Böyük Britaniya universitetləri dövlət proqramları çərçivəsində ən çox müraciət olunan xarici ali təhsil müəssisələri sırasındadır və ölkələrimizin təhsil müəssisələri ilə əməkdaşlıq genişlənir.
Firudin Qurbanov qeyd edib ki, 2018-ci ildə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Prezidentin müvafiq sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ölkə vətəndaşlarının nüfuzlu xarici universitetlərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramına əsasən hazırda gənc tədqiqatçılarımız təhsillərini Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə davam etdirirlər.
Firudin Qurbanov Mayk Hardinin “Bakı Prosesi”nə verdiyi töhfəni də yüksək qiymətləndirib.
Sonda nazir müavini əlavə edib ki, təhsil sahəsində səmərəli, fəal əməkdaşlıq, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqe, həmçinin birgə fəaliyyət bundan sonra da ölkələrimizdə elm və təhsilin inkişafına xidmət edəcək.
Mayk Hardi, öz növbəsində, Koventri Universitetinin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər