ABŞ-ın İndiana Universitetində Ulu Öndərə həsr olunmuş tədbir

ABŞ-ın İndiana Universitetində Ulu Öndərə həsr olunmuş tədbir Azərbaycan Dillər Universiteti (ADU) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif ölkələrdə tədbirlər keçirir. Bu tədbirlərdən biri də ABŞ-ın İndiana Universitetində keçirilib.
ABŞ-ın İndiana Universitetində İç Asiya və Ural Milli Resurs Mərkəzinin və Mərkəzi Asiya Araşdırmaları Departamentinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda təhsil” mövzusunda dəyirmi masa təşkil olunub. Mövzu üzrə çıxış etmək üçün tədbirə dəvət olunmuş Azərbaycan Dillər Universitetinin dosenti Fialə Abdullayeva yaradılmış şərait üçün minnətdarlığını bildirib. O, şahidi olduğu və səhih mənbələrdən topladığı faktlar əsasında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, o cümlədən çoxlu sayda orta məktəblərin, texniki peşə məktəblərinin açılması, yeni ali təhsil müəssisələrinin və hərbi kadrlar üçün məktəblərin yaradılması, elmlə təhsilin inteqrasiyasının diqqət mərkəzində saxlanılması, təhsilin dünyəvi xarakterinin təmin olunması və digər təhsil məsələləri ilə bağlı mühüm qərar və sərəncamların verilməsindən bəhs edib. Bildirib ki, təhsil sahəsində Heydər Əliyev dövrünün ən əlamətdar cəhətlərindən biri kimi, Azərbaycan hüdudlarından kənarda respublika üçün gərəkli ixtisaslar üzrə təhsil almaq məqsədilə keçmiş SSRİ-nin aparıcı ali təhsil ocaqlarına göndərilən abituriyentlərin sayı məhz ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 1970-1980-ci illər arasında hər il artaraq 49-60 nəfərdən sonda 1000, hətta 1400 nəfərə çatdırılıb. Həmin dövrdə Vətəndən kənarda təhsil almış Azərbaycan vətəndaşlarının ümumilikdə15000 nəfər təşkil etməsi, eləcə də bu kadrların bir çoxunun indi mühüm vəzifələrdə çalışması da dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb. F.Abdullayeva fəaliyyət göstərdiyi ali təhsil ocağında həmin dəyərli kadrlardan bir neçəsi ilə çiyin-çiyinə çalışdığını da qeyd edib.
Tədbirdə, həmçinin Azərbaycan dilinin dövlət dili statusu almasında Ulu Öndərin müstəsna xidmətlərindən də danışılıb.
Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədə digər sahələrdə baş vermiş önəmli hadisələrin nəticələrindən təhsilin inkişafı üçün istifadəyə aid bir sıra faktlara da istinad olunub və onun təhsili xalqın gələcəyi kimi gördüyü xüsusi vurğulanıb.
F.Abdullayeva Ulu Öndərin fəaliyyəti dövründə təhsil işçilərinə, müəllimlərə və alimlərə qayğının artmasından, onların layiqincə qiymətləndirilməsindən də danışıb və fikirlərini Heydər Əliyevin müəllimlər və təhsil haqqında söylədiyi kəlamlara istinad edərək tamamlayıb.
Dəyirmi masanın sonunda Azərbaycan təhsili ilə bağlı iştirakçıların sualları cavablandırılıb, Heydər Əliyevin fəaliyyəti dövründə diqqət mərkəzində olan təhsil məsələlərinə indi də həssaslıqla yanaşılmasından, onun qoyduğu ənənələrin davamlılığından bəhs olunub.

Tehsil-press.az



Oxşar xəbərlər