Türkiyədə ADNSU-nun təşkilatçılığı ilə “Enerji seminarı” keçirilib

Türkiyədə ADNSU-nun təşkilatçılığı ilə “Enerji seminarı” keçirilib Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonquldak Bülent Ecevit Universiteti (ZBEU) və Tükiyə Neft Korporasiyasının (TPAO) birgə təşkilatçılığı ilə “Enerji seminarı” keçirilib.
Türkiyə və Azərbaycanın davamlı inkişafına, elmi əməkdaşlığına və dostluğuna mühüm töhfə vermək məqsədi daşıyan 2 günlük seminarın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin İstiqlal Marşı oxunub və film nümayiş olunub.
Açılış mərasimində Zonquldak valisi Mustafa Tutulmaz çıxışında təbii qazın ölkəyə verilməsini nəzərə alaraq bu əyalətin yenidən enerji mərkəzinə çevrilməsi üçün sürətlə inkişaf etdiyini bildirib. Son 150 ildəki müharibələrin arxasında enerji qaynaqlarına sahib olmağın dayandığını deyən M.Tutulmaz yeni əsrin başladığı bu dövrdə enerjinin Türkiyənin ən mühüm sütunlarından biri olduğunu bildirib. O, əlavə edib ki, biz burada Azərbaycanla əməkdaşlığın gözəl nümunələrini görürük, enerji güc deməkdir və birlikdə daha güclüyük.
Seminarda çıxış edən TPAO-nun İdarə Heyətinin sədri və baş direktoru Melih Han Bilgin əsas prioritetlərin gənclərə parlaq və ümidli bir Türkiyə yaratmaq olduğunu diqqətə çatdırıb. O, gəncləri bu istiqamətdə hazırlamağın vacibliyini vurğulayıb.
ZBEU-nun rektoru professor İsmail Hakkı Özölçer enerjinin ölkələrin inkişafı üçün ən mühüm ünsürlərdən biri olduğunu və bunun cəmiyyətin rifah səviyyəsinə birbaşa təsir etdiyini, qloballaşmanın təsirlərini daha çox enerji sahəsində gördüklərini bildirib. Rektor vurğulayıb ki, məqsəd enerji sahəsində araşdırmaların və təşəbbüslərin sayını artırmaq, tədqiqat və inkişaf fəaliyyətini gücləndirmək, elmi bilikləri praktikaya çevirərək ölkənin texnoloji və iqtisadi inkişafına töhfə verməkdir.
ADNSU-nun rektoru professor Mustafa Babanlı çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın, o cümlədən diplomatik əlaqələrin tarixi köklərə əsaslandığını bildirib. 44 günlük Vətən müharibəsi və nəticədə Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi zamanı Türkiyənin Azərbaycana dəstək olduğunu xatırladan rektor türk dövlətlərinin birliyinin qurulmasının hər birimiz üçün qürur mənbəyi olduğunu vurğulayıb. M.Babanlı qeyd edib ki, Türk dünyamızı güclü etmək üçün təhsilə, elmə daha çox fikir verilməli, universitetlərimiz birgə layihələr reallaşdırılmalıdır.

Tehsil-press.az


Oxşar xəbərlər