Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nişantaşı Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nişantaşı Universiteti ilə əməkdaşlıq edəcək Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğu qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altında olan əzəli torpaqlarının düşmən tapdağından azad olunması tarixi ədalətin bərpası, haqqın zəfər çalmasıdır. Həmçinin Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana əsl qardaşlıq nümunəsi göstərməsi, hər zaman mənəvi dəstək olduğu diqqətə çatdırılıb.
Görüşdə türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub. ADNSU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qeyd edək ki, məşhur alim Şenay Yalçının ölkəmizdə, o cümlədən ADNSU-da olmasını məhz qardaş ölkənin Azərbaycana dəstəyinin növbəti təzahürü kimi dəyərləndirmək olar. Onlar dəfələrlə ali təhsil müəssisəsi olaraq azərbaycanlı dinc əhalini hədəf alan erməni terrorunu pisləyən bəyanatlar yaymaqla yanaşı, Gəncədə də olublar. Qərara alınıb ki, burada erməni terrorundan ziyan çəkən ailələrin övladları bundan sonra Nişantaşı Universitetində ödənişsiz təhsil alacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər