Konfutsi İnstitutunda Çin Dəniz Günü qeyd edilib

Konfutsi İnstitutunda Çin Dəniz Günü qeyd edilib Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun onlayn yay lektoriyasında direktor Rafiq Abbasov Çin Dəniz Gününə və Azərbaycan Dənizçi Gününə həsr olunmuş “Dəniz İpək Yolu” mövzusunda mühazirə oxuyub.
Dəniz Günü bayramının Çinin görkəmli səyyahı və diplomatı Çjen Xenin böyük dəniz hərbi-ticarət ekspedisiyalarının şərəfinə təsis olunduğunu bildirən R.Abbasov dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətlərindən danışıb. O, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyaları, tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında da məlumat verib.
Məruzədə bildirilib ki, Çjen Xenin 1405-ci ildən 1433-cü ilə qədər yeddi ekspedisiyası təkcə Asiya və Afrika ölkələrinə yeni dəniz yollarını açmaqla kifayətlənməyib, bu səyahətlər xalqlar arasında ticarət və mədəni mübadilənin inkişafına əhəmiyyətli töhfə verib.
R.Abbasov qeyd edib ki, Azərbaycan Dəniz Gəmiçiliyinin əsası 1858-ci il-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı və ilk tanker – “Zərdüşt” də Xəzərdə istismar olunub.
O, həmçinin Azərbaycanın Çin və Avropa arasındakı mühüm tranzit rolu və transxəzər beynəlxalq nəqliyyat marşrutunun yaradılmasından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər