İradə Hüseynova: Ulu Öndər Azərbaycan təbiətinin böyük himayədarı idi

İradə Hüseynova: Ulu Öndər Azərbaycan təbiətinin böyük himayədarı idi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova gündəlikdəki məsələlər haqqında məlumat verib, 14 iyulun xalqımız üçün tarixi əhəmiyyətindən söz açıb. Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəldiyini xatırladan akademik məhz bu tarixdən başlayaraq Azərbaycanın aqrar ölkədən sürətlə inkişaf edən sənaye ölkəsinə çevrildiyini vurğulayıb. Bugünkü çiçəklənən Azərbaycanın təməlində Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən islahatların dayandığını söyləyib. Qeyd edib ki, ölkəmizdə müasir elm sahələri üzrə milli kadrların hazırlanması, hərbi təhsilə xüsusi önəm verilməsi və yüksəkixtisaslı hərbi kadrların yetişdirilməsi, eləcə də elm adamlarına olan diqqətin artırılması, AMEA-nın elmi, maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin xarici ölkələrə uzunmüddətli ezamiyyətlərə göndərilməsi və digər mühüm işlər Ümummilli Liderin xalqımız qarşısındakı çoxsaylı xidmətlərinin yalnız bir hissəsidir.
Akademik Azərbaycan təbiətinin böyük himayədarı Heydər Əliyevin biologiya, aqrar və tibb elmlərinin inkişafında rolu haqqında da danışıb. Diqqətə çatdırılıb ki, Ulu Öndər hələ sovet dövründə ölkəmizin hər bir bölgəsində yaşıllaşdırma işlərinin aparılması, ekoloji balansın qorunub saxlanılması ilə bağlı olan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Həmin illərdə bu istiqamətdə 5 qanun layihəsinin, 32 qərarın qəbul olunması, Azərbaycanın “Qırmızı kitabı”nın hazırlanması haqqında qərarın verilməsi, həmçinin 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması Ümummilli Liderin biologiya və aqrar sahəyə olan xüsusi diqqətinin nəticəsi olub. Ulu Öndərin respublikaya rəhbərliyinin birinci dövründə 15 mindən çox gənc ən müxtəlif istiqamətlər üzrə təhsil almaq üçün SSRİ-nin 50-dən çox şəhərinə göndərilib, müasir tələblərə cavab verən elmi müəssisələr yaradılıb, Kənd Təsərrüfatı Nazirliyi tabeliyində sahə institutları, 6 yeni ali məktəb, 11 orta ixtisas təhsili məktəbi yaradılıb.
Alim bildirib ki, qeyd olunanlarla yanaşı, Qarabağ Elmi-Tədqiqat Bazasında nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi, genetik ehtiyatlar üzrə Milli Proqramın hazırlanması, 2003-cü ildə Genetik Ehtiyatlar İnstitutunun və onun strukturunda Milli Genbankın yaradılması, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması, qanunvericiliyin təkmilləşdirilməsi, səhiyyə sahəsində islahatların aparılması, institutların yubiley tədbirlərinin keçirilməsi və s. bu istiqamətdə görülən əhəmiyyətli işlərin bir hissəsidir.
AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Saleh Məmmədov və Əlövsət Quliyev Ümummilli Liderin xalqımız qarşısında xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməzliyi təmin edilib.
Daha sonra akademik İradə Hüseynova “Heydər Əliyev İli” ilə əlaqədar AMEA-da keçirilən tədbirləri, görülən işləri diqqətə çatdırıb.
“Heydər Əliyev epoxası xalqımızın çoxəsrlik dövlətçilik tarixində hər zaman yaşayacaqdır”, - deyən İ.Hüseynova Ulu Öndərin həyata keçirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin nümunəvi dövlətlərdən birinə çevrildiyini vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər