Parisin separatizm sevdası – öz gözündə tiri görməyən fransız siyasətçilər - TƏHLİL

Parisin separatizm sevdası – öz gözündə tiri görməyən fransız siyasətçilər - TƏHLİL XVI əsrdən başlayan Fransa kolonializmi XX əsrin ortalarınadək Avropada, Afrikada, Asiyada və Okeaniyadakı xalqların milli faciələrini yaratmağı bacardı. Fransanın bir çox müstəmləkələri ötən əsrin 60-cı illərində müstəqillik əldə etdilər, lakin Parisin digər ölkələrə və xalqlara münasibətində hələ də imperialist keçmişinin irsi olan siyasi, iqtisadi və mədəni eqoizmi özünü göstərir. Müstəqillik, suverenlik, mərkəzləşmiş dövlət kimi anlayışları yalnız özünə rəva bilən, digər xalqlara isə “barbarlar” münasibəti göstərən fransız siyasi təfəkkürü bu gün də beynəlxalq münasibətlərin ciddi problemlərindən biridir. Paris bir tərəfdən öz siyasi coğrafiyasında bütövlüyünü, hakimiyyətini qorumağa çalışır, digər tərəfdən isə dünyanın fərqli bölgələrində - həm qonşuluğunda (Məsələn, İspaniyada), həm də özündən minlərlə kilometr məsafədə yerləşən bölgələrdə separatizmi təşviq edir, dəstəkləyir, kiçik və qanunsuz qrupların mərkəzi hakimiyyətlərə qarşı fəaliyyətini azadlıq uğrundaymış kimi təqdim edir.
İmperialist dövlətlərin mahiyyəti odur ki, onlar qeyri-leqal, qeyri-insani, qeyri-əxlaqi yolları istismar edərək sərvət qazanmağa çalışırlar. Təbii ki, Fransa siyasətinin separatizmə münasibəti də mahiyyətcə eynidir – Paris separatçı hərəkatların trayektoriyasını nəzarətdə saxlamaqla həm onların mövcud olduğu ölkələrdən, həm də uğur qazanacağı təqdirdə separatçı qurumlardan dividentlər əldə etməyi umur.
Fransanın Qarabağdakı separatçı hərəkata müxtəlif dövrlərdə göstərdiyi dəstək də yəqin ki, bu qəbildəndir.
Fransız siyasətçilərin Qarabağa yanaşması çoxölçülüdür. Burada Fransadakı seçkilərdə etnik ermənilərin dəstəyini qazanmaq, erməni iş adamlarından qəbul edilən rüşvətlər, həmçinin separatizmdən siyasi təzyiq aləti kimi istifadə etmək kimi məkrli niyyətlər var. Maddi motivasiya böyük olduğundan Fransanın məsələ ilə bağlı mövqeyində də ardıcıl qərəz müşahidə edilir.
Aydındır ki, istənilən siyasi partiya üçün Fransada hakimiyyətə gəlmək həm də nəhəng zənginliklərin qapısının açılması anlamına gəlir, çünki burada siyasətçilər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük zənginliklər əldə edə bilirlər. Bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronla “Uber” taksi şirkəti arasındakı gizli sövdələşmənin üzə çıxması bu ölkədə siyasətçilərlə biznes sektoru arasındakı kirli əlaqələri ən yüksək səviyyədə ifşa etdi. Məlum oldu ki, Makron iqtisadiyyat naziri olduğu dövrdə “Uber”ə böyük imtiyazlar verərək fransız taksi sürücülərini böyük zərbə altında qoyub.
Təbii ki, öz xalqına belə zülm etməkdən çəkinməyən, insanların sərbəst toplaşmaq azadlığına dözüm göstərə bilməyən, dinc aksiyaları güc tətbiqi ilə dağıdan, ölkədəki müsəlman icmasına separatçı damğası vuran Fransa hakimiyyətindən nə Azərbaycana və azərbaycanlılara, nə də hansısa digər xalqa münasibətdə ədalətli yanaşma göstərməsini gözləmək sadəlövhlük olar. Son dövrlərdə Fransada tez-tez baş verən iğtişaşlar da ölkədə diskriminasiyanın, sosial ədalətsizliyin, vətəndaşlarla hakimiyyət arasındakı uçurumun xəbərçisidir və Fransa tarixən bu cür durumlarda böyük inqilabların astanasında olub. Fransanın neo-kolonializmi də qlobal miqyasda narahatlıq doğuran məsələlərdən biridir və Parisin hələ də əsarətdə saxladığı xalqlar azadlıq mübarizələrini gücləndirməyə, daha çox beynəlxalq diqqət çəkməyə çalışırlar. Belə bir şəraitdə isə təbii ki, yaxşı olardı ki, Fransa öz daxilindəki və xaricdəki problemlərini həll etsin, digər regionlara müdaxilə cəhdlərindən əl çəksin. Fransanın yüzilliklər boyunca istismar etdiyi Afrikada, Asiyada yaratdığı yoxsulluq, qeyri-sabitlik problemlərin həllinə çalışmaq yerinə, Cənubi Qafqaza boylanması, insan haqlarından dəm vurması səmimiyyətsizlik, siyasi əxlaqsızlıqdır. Mümkündür ki, Paris bununla həm də daxili və xarici problemlərindən, öhdəliklərindən diqqəti yayındırmağa çalışır.
Bu günlərdə Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi hökumətə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Müraciətdə həmişəki kimi Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub. Onlar Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə çağırıblar.
Fransalı siyasətçilərinin bu vəziyyət fonunda demokratiyadan, insan haqlarından danışması ikrah hissi doğurur və ən azından arsızlıqdır.
Əslində böyük siyasi, iqtisadi, mədəni potensialı olan Fransanın qərəzli münasibəti ilə ayrı-ayrı regionlarda ədavəti qızışdırmaq, parçalayaraq hökm etməyə çalışmaq yerinə öz resurslarını sülh və sabitliyin bərqərar edilməsinə sərf etməsi onun özünün də xeyrinə olar. Azərbaycan artıq uzun müddətdir ki, işğaldan azad edilmiş ərazilərində iqtisadi potensialdan yararlanmaq üçün beynəlxalq investorlara çağırışlar edir. Fransanın öz qərəzli davranışlarından vaz keçərək bu iqtisadi imkanlardan yararlanmağa çalışması həm regionun firavanlığına, həm də Fransanın özünün biznes mühitinin inkişafına xidmət edə bilərdi. Lakin fransız siyasətçilərin uzun müddətdir davam edən qərəzli bəyanatları, siyasi əxlaqdan çox uzaq mövqeyi belə bir iqtisadi inkişafın qarşısındakı başlıca maneələrdən birinə çevrilib.

Tehsil-press.az

Oxşar xəbərlər