ADA Universiteti Macarıstan universitetləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

ADA Universiteti Macarıstan universitetləri ilə əməkdaşlıq əlaqələrini genişləndirir ADA Universiteti Macarıstan universitetləri ilə akademik əməkdaşlıq əlaqələrini genişləndirməyə davam edir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu məqsədlə Macarıstana səfər edib. Səfər çərçivəsində ADA Universiteti ilə Budapeşt Metropolitan Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən ADA Universiteti tələbələrin mübadilə proqramlarında iştirak edəcək.
Sənəd çərçivəsində hər iki universitet birgə tədqiqat layihələri həyata keçirəcək. Tərəflər arasında bilik mübadiləsini asanlaşdırmaq məqsədi ilə professor-müəllim və kadr heyətinin səfərləri təşkil olunacaq.
Qeyd edək ki, prorektor Fariz İsmayılzadənin səfəri Macarıstanın Korvinus və Eötvöş Lorand universitetlərində prorektorların iştirakı ilə keçirilən görüşlə davam edib. Bildirilib ki, ADA Universiteti ilə Macarıstan universitetlərinin tərəfdaşlığı çərçivəsində 2015-ci ildən etibarən bir çox universitetlə mübadilələr həyata keçirilib. Belə ki, indiyədək Macarıstanın Dövlət Qulluğu Universitetinə 21, Korvinus Universitetinə 20, Eötvöş Lorand Universitetinə 15 ADA tələbəsi təhsil almaq üçün yollanıb. ADA Universiteti isə həmin universitetlərdən 10-dək macar tələbə qəbul edib.
Tərəflər, həmçinin akademik və tədqiqat əlaqələrini gücləndirməyin, beynəlxalq təhsil mübadiləsini təşviq etməyin yollarını müzakirə ediblər. Vurğulanıb ki, bu istiqamətdə atılan addımlar həm azərbaycanlı, həm də macar tələbələrin inkişafına fayda verəcək, beynəlxalq təhsil mübadiləsini gücləndirəcək.
Səfər çərçivəsində Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunda görüş də olub. Görüşdə beynəlxalq təhsil tərəfdaşlığının genişləndirilmə potensialı barədə müzakirə aparılıb.
Qeyd edək ki, ADA Universiteti hazırda 44 ölkədə yerləşən 133-dən çox universitetlə akademik tərəfdaşlıq edir. Bu tərəfdaşlıq bakalavr və magistr tələbələrinə ADA Universitetində təhsil aldıqları müddətdə bir semestrlik mübadilə proqramında iştirak etməyə imkan verir.

Tehsil-press.az


Oxşar xəbərlər