ADNSU-nun rektor əvəzi: Elektron universitet sistemi müəllimlər və tələbələr arasında sıx rabitəni yaratmağa kömək edəcək

ADNSU-nun rektor əvəzi: Elektron universitet sistemi müəllimlər və tələbələr arasında sıx rabitəni yaratmağa kömək edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinin icrası mənə yeni həvalə olunsa da, 2016-cı ildən etibarən ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin icraçı direktoru olaraq çalışmışam. Ona görə də ADNSU-nun problemləri və uğurları barədə dolğun məlumata malikəm.
Bu fikirləri ADNSU-nun rektor əvəzi Vazeh Əskərov söyləyib.
“Bir nümunə göstərim. 2020-ci ildə bakalavr təhsil səviyyəsi üzrə yeni təhsil proqramı təsdiq olunmuşdu. Bu il həmin tələbələr IV kursda təhsil alırlar. İşəgötürənlərin istəkləri əsasında peşə hazırlığının seçmə fənləri müəyyən edilib, tədris planında əks olunub və ixtisas kafedraları tərəfindən əsasən VII semestrdə tədrisinə başlanılıb. Bu hal ixtisas kafedralarının üzərinə böyük məsuliyyət qoyur. Bundan əlavə, cari tədris ilindən IV kurs tələbələrə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) və Layihə menecmenti fənləri tədris edilir və onlar istədikləri halda, ödənişli əsaslarla beynəlxalq səviyyəli sertifikat əldə edə bilərlər. Qeyd etdiyim məsələlər, ADNSU-nun üzləşdiyi yeni çağırışlardır və biz onların həlli istiqamətində müvafiq addımlar atmışıq. Göründüyü kimi, ADNSU-da təhsilin və tədrisin təşkilində ciddi problemlər yoxdur, əksinə, olsa idi, bu il universitetimizə rekord sayda – 5700-dək tələbə qəbul olmazdı”, -deyə Vazeh Əskərov bildirib.
Onun sözlərinə görə, universitetdə tədris olunan 30 ixtisasdan 18-i beynəlxalq akkreditasiyadan keçib, magistratura səviyyəsində süni intellekt, mobil tətbiqlər kimi ən yeni ixtisaslaşmalar üzrə təhsil verilməyə başlanılıb, eyni zamanda, Vorvik Universiteti ilə “Warwick Manufacturing Group”un bərpa olunan enerji mənbələri sahəsində “Master of Science” (təbiət elmləri üzrə) ikili diplom proqramına start verilib.
“ADNSU QS World University Rankingin qlobal reytinqində 1200+ yerdə qərarlaşıb. Universitetimiz Avropa universitetləri arasında 434-cü, Asiyada isə 22-ci sıradadır. Məşğulluq göstəricisinə görə ADNSU dünya universitetləri arasında 271-ci, Azərbaycan universitetləri arasında isə 1-ci yerdədir. ADNSU-da elektron universitet sisteminin daha əlçatan olması ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. Elektron universitet sisteminin mobil telefonlar üzərindən rahat istifadə imkanları bizə müəllimlər və tələbələr arasında daha sıx rabitəni yaratmağa kömək edəcək ki, bu da son nəticədə tədrisin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək”, - deyə ADNSU-nun rektor əvəzi Vazeh Əskərov fikrini yekunlaşdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər