Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə - BDU-da beynəlxalq konfrans

Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə - BDU-da beynəlxalq konfrans Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Şəxsiyyət, cəmiyyət və dövlət XXI əsrdə: qlobal çağırışlar və inkişaf perspektivləri” mövzusunda sosial elmlər üzrə beynəlxalq fənlərarası elmi konfrans işə başlayıb.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov bildirib ki, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni cəhətdən maraq kəsb etməsi, Cənubi Qafqazda güc mərkəzinə çevrilməsi regionda və qlobal aləmdə baş verən proseslərin, mövcud problemlərin ciddi elmi təhlilini, izahını və perspektivlərinin müəyyənləşdirilməsini zəruri edir. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişaf prosesləri fonunda daha da aktuallaşır. Konfransın keçirilməsində əsas məqsəd sosial elmlərin bütün istiqamətləri üzrə aktual problemlərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının araşdırmalarının nəticələrinin məruzə edilməsi, fikir mübadiləsinin aparılması, onların geniş beynəlxalq elmi auditoriyaya çatdırılmasıdır.
Konfransın plenar iclasında BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Milli Məclisin deputatları – akademik Nizami Cəfərov, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Şimali Kipr Türk Respublikasının Ankaradakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Ahmet Arslan, Türkiyənin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Prezidentinin müşaviri Aygün Attar, TRT-nin baş müxbiri, sosioloq-alim Aysel Sadak İltaş, Sülh Mədəniyyəti İnstitutunun rektoru Engel Rizakoviç Tagirov, Sorbonna Universitetinin fəxri professoru Albert Fişler, Hacettepe Universitetinin Ədəbiyyat fakültəsinin sosiologiya bölümünün professoru Aylin Baran, Özbəkistan Milli Universitetinin İctimai elmlər fakültəsinin kafedra müdiri Niginahon Şermuhamedova, Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Valeri Modebadzenin çıxışları dinlənilib.
Sonra müasir dövrdə şəxsiyyət və cəmiyyət münasibətlərinin tənzimlənməsi, XXI əsrdə dövlətin inkişaf meyilləri və problemləri, qloballaşma şəraitində mədəniyyət, elm və təhsilin rolu məsələləri müzakirə olunub.
Beynəlxalq tədbirdə 19 xarici ölkədən 120 alim və tədqiqatçı iştirak edir. Hibrid qaydada keçirilən beynəlxalq fənlərarası elmi-praktik konfransda 40 xarici ölkə tədqiqatçısı müzakirələrə canlı, 60 nəfəri isə onlayn qaydada qatılır.
Konfrans oktyabrın 6-da davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər